`Əllərindən öpməyə hazırıq...` - MÜSAHİBƏ

`Əllərindən öpməyə hazırıq...` - MÜSAHİBƏ
  25 Fevral 2014    Oxunub:1345
Müsahibimiz Türkiyədəki Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Dərnəyinin sədri Turqut Aratdır.
- Turqut bəy, dərnəyin fəaliyyəti, istiqaməti, konsepsiyası haqqında Azvision oxucularına məlumat verməyinizi istərdim.

- Azərbaycan Kültür və Dayanışma (Həmrəylik-red.) Dərnəyi 2003-cü ildə yaradılıb. Qurumun əsas qayəsi, dünyada yaşayan 50 milyon Azərbaycan türkünü birləşdirməkdir. Mərkəzi ofisimiz əvvəlcə Ankarada idi. Daha sonra İzmirə köçürüldü. Azərbaycanın siyasi-iqtisadi həyatını, Qarabağ problemini, eləcə də adət-ənənələrini, mədəni həyatına dair müxtəlif layihələri həmyerlilərimizlə birgə reallışdırmaq, təbliğ etməklə yanaşı əlaqələrimizi daha da genişləndiririrk. Bir sözlə, fəaliyyətimiz türk dünyasına yönəlikdir.

- Tədbirlərinizi yerli ictimaiyyətə, eləcə də Türkiyə mətbuatına necə duyurursunuz?

- İlk olaraq rəsmi qurumlara və şəxslərə dəvətnamə göndəririk. Bura ölkəmizin baş konsulluğu, tanınmış elm, siyasət, mədəniyyət xadimləri daxildir. Daha sonra medianı bilgiləndiririk, dəvət edirik. Tədbirlərimizə gələnlər də olur, gəlməyənlər də. Bundan başqa, Sky TV-mız var. Fəaliyyətimizi mütəmadi olaraq orada yayımlayırıq.

- İzmirdəki digər bir qurum - Azərbaycan Kültür Mərkəzi Dərnəyinin başqanı Cemal Mehmethanoğlu müsahibəsində, onların fəaliyyətinə süni yollarla mane olduğunuzu demişdi...

- Tamamilə yanlış fikirdir. Azərbaycan adına görülən işə “niyə bunu edirsiniz?” deməyə haqqımız yoxdur. Ölkənin maraqlarına xidmət edəcək insana nəinki mane olmaq, əksinə, əllərindən öpməyə hazırıq.
Bizim üçün önəmli olan qurumun qayəsinə uymaqdır. Yəni, 50 milyon dünya azərbaycanlılarının problemlərini dünyaya çatdırmaq.

- Dərnəyinizin neçə üzvü var?

- Rəsmi üzvümüz azdır, təxminən 200-dən çox. Amma tədbirlərimizdə 700-800-ə yaxın insan iştirak edir. Ayrılıqda 600-dan artıq tələbə türk dünyası ilə bağlı tədbirlərimizdə bizə mütəmadi dəstək verirlər.

-Son olaraq, ofisinizdə diqqətimi çəkən bir şey haqqında soruşmaq istəyirəm. Masanızın fonunda Türkiyə və Azərbaycan bayraqları yerləşdirilib. Türkiyə bayrağından fərqli olaraq, bizim bayrağın rəngləri, dövlət rəmzlərin tikilişi sanki yamağa bənzəyir. Rəsmi qurumun keyfiyyətli bayraq hazırlatmağa pulu yoxdur, yoxsa buna sərf edəcək vaxtı?

- İradınızda haqlısınız, bu bayraq çox köhnədir, dəyişdirilməlidir. Bu yanlışlığı tez bir zamanda düzəltməyə çalışacağıq.



Sevda Babayeva
İzmir (Türkiyə)



Teqlər:





Xəbər lenti