“Azərsu” Binəqədidə yeni layihənin icrasına başlayb

“Azərsu” Binəqədidə yeni layihənin icrasına başlayb
  16 Mart 2021    Oxunub:1200
“Azərsu” ASC daxil imkanları hesabına Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlayıb.
Qurumdan Azvision.az -a verilən məlumata görə, layihə qəsəbənin 2-ci Mədən, 87-ci korpus adlanan ərazisini əhatə edir. Həmin ərazidə mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Burada içməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına cavab verməyən şəbəkə hesabına aparılır.

Əhali tərəfindən fərdi qaydada və pərakəndə şəkildə çəkilmiş xətlər və quraşdırılmış paylayıcı kollektorlar normal su təchizatına imkan vermir. Uzun illərdir istismar olunaraq yararsız vəziyyətə düşmüş su xətlərində tez-tez baş verən qəzalar sistemdə sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradır. Xüsusilə yay aylarında belə şəbəkə vasitəsilə istehlakçıların normal içməli su təchizatını aparmaq mümkün olmur.

Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, dəqiq uçotun qurulması, su itkilərinin qarşısının alınması üçün reallaşdırılan layihə çərçivəsində müxtəlif diametrli polietilen borularla 2 km uzunluğunda yeni içməli su şəbəkəsi tikilir. Layihənin əhatə etdiyi ərazidə 200-dən çox fərdi evə, obyektə çıxışlar verilir, sayğaclar quraşdırılır.

Tikinti-quraşdırma işlərinin cari ilin aprel ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur. Bu layihə çərçivəsində 1 000-ə yaxın sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.

"Azərsu”yun daxili imkanları hesabına hazırda Binəqədi rayonu ilə yanaşı Abşeron, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqbul, Saatlı, Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti