Deputat Sabirabadda Aqrar Universitetin yaradılmasını təklif etdi

Deputat Sabirabadda Aqrar Universitetin yaradılmasını təklif etdi
  16 Mart 2021    Oxunub:5503
Sabirabad ölkəmizin ən iri kənd təsərüfatı rayonlarından biridir. Əhalinin su ilə təminatının yaxşılaşdırılması və payızlıq əkinlərin suvarılması üçün rayona ayrılmış enerji limitinə yenidən baxılması zəruridir.
Azvision.az xəbər verir ki, bunu Sabirabadın deputatı Kamal Cəfərov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Kürkəndi nasos stansiyasında su nasoslarının “FLGYT” tipli aqreqatlarla əvəz olunmasına, stasionar qaydada işləyən 40 nasos stansiyasının Kür çayında üzən pantonlar üzərində quraşdırılmasına, 57 nasos stansiyasının və qrunt sularının ərazidən kənarlaşdırılması üçün 4 stasionar nasos stansiyasının əhali xəttindən ayrılaraq birbaşa elektrik enerjisi xəttinə qoşulmasına zəruri ehtiyac var.

"Sabirabad rayonunda 85 təhsil müəssisəsindən 64-nün yenidən qurulmasına ehtiyac var. Azərbaycan hökumətindən xahiş edirəm ki, Sabirabad şəhərində yerləşən və qəzalı vəziyyətdə olan 7 saylı və Qəzli kənd tam orta məktəbinin yenidən tikintisi məsələsinə baxsın və növbəti investisiya proqramları çərçivəsində nəzərə alınsın. Sabirabad rayonu Kovlar kəndinin 270 nəfərin imzası ilə daxil olan kollektiv müraciətində Kovlar kəndinin rayon mərkəzində xeyli uzaq olduğunu nəzərə alaraq uşaq bağçasının tikinitisi xahiş edilir. Bu barədə 2020-ci il 24 iyul tarixdə hörmətli Baş nazirə deputat sorğusu göndərmişdim. Xahiş edirəm ki, 2021 və ya 2022-ci il üçün nəzərə alasınız.

Sabirabadda Aqrar Universitetin və ya aqrar kollecin yaradılmasına ehtiyac var. Bu rayonda təhsilin səviyyəsinin artmasına dəstək ola bilər. Sabirabad respublikada təhsil səviyyəsinə görə ən aşağı nəticə göstərən rayondur. Bunun bəzi hallarda səbəbi isə rayon camaatının övladlarının Bakıda təhsil almağa göndərməyə maddi imkanının olmamasıdır. Rayonda belə bir təhsil müəssisəi olarsa, həm qonşu rayonlar, həm də Sabirabadda təhsilin səviyyəsi arta bilər. Düzdür bizə diplomlu işsizlər lazım deyil, ancaq ən azından Sabirabadda müasir aqrar kollec yaradıla bilər. İxtisaslı və peşə hazırlığı olan gənc fermerlər hazırlana bilər.

Qəzli, Yenikənd, Qaraqaşlı, Balvar, Qəfərli, Qaralı, Kovlar kəndlərində həm internet, həm də telefon xətlərinin, Qalaqayın, Kürkəndi, Suqovşan, Yastıqobu, Əsədli, Axısxa kəndləri üzrə isə internet xətti yoxdur. Oxşar problem əksər rayonlarda var. Yeni nazirdən xahiş edirəm ki, bu məsələni nəzarətə götürsün".

Deputat, həmçinin qeyd edib ki, Sabirabadda 1 əsrdən çox yaşı olan və dağılmaq təhlükəsi ilə üz-üzə qalan tarixi abidə var.

"Mirmusa Tağıyev tərəfindən qotik üslubda tikdirilən köhnə hamam Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyət daşıyan tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Həm keçmiş, həm də indiki Mədəniyyət nazirinə deputat sorğusu göndərmişəm. Anar müəllimdən xahiş edirəm, bu məsələni də nəzarətə götürsün.

Yekun olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, rayondan ən çox müraciət işsizlik və özünəməşğulluq proqramı ilə bağlı olur. Bu proqramlar cənab Prezidentin humanist siyasətinin təzahürüdür. Lakin bəzi hallarda bu dəstək kreditə çevrilir. Sabirabadda 700 ştat var, lakin əksər vakansiya yaşılaşdırma və təmir tikinti idarəsinə verilib. Bu isə yerlərdə korrupsiya hallarına yol açır və heç bir mexanizm bunun qarşısını ala bilmir. Ancaq bu vəsaitlərdən istifadə edib, həm vətəndaşların məşğulluğuna dəstək olmaq olar, həm də müəyyən peşə öyrətmək olar. Misal üçün Sabirabad DAİM-də DOST MMC-nin 16 nəfər işçisi elektron kənd təsərrüfatı sistemi ilə bağlı fermerlərə dəstək olur. Bu yaxşı nümunədir. Bu proqramlardan həm vətəndaşlara, həm də kiçik və orta sahibkarlara dəstək üçün istifadə edilə bilər. Misal üçün market işçi axtarır. Onun əməkhaqqı 500 azn ola bilər. Onun 250 azn-i DOST MMC verə bilər, 250 azn isə həmin marketin sahibi. İlk bir ilini DOST MMC dəstək ola bilər, sonraki 1 il isə həmin sahibkarın öhdəliyi ola bilər ki, növbəti bir il ərzində bütöv əməkhaqqını özü təmin etsin. Davamlı inkişaf üçün və dövlətin ayırdığı milyonlarla vəsaitin, yəni debitin inkişafa və ya bir nəticəyə dəstək verməsi üçün bu proqramlar mütləq təkmilləşdirilməlidir. Əlbəttə, hökumətin hesabatını yüksək qiymətləndirirəm, lehinə səs verəcəyəm".

Azvision.az


Teqlər: Kamal-Cəfərov   Deputat   MM  






Xəbər lenti