Hadrut-Cəbrayıl-Şükürbəyli yolu region üçün strateji əhəmiyyət daşıyacaq

 Hadrut-Cəbrayıl-Şükürbəyli yolu region üçün strateji əhəmiyyət daşıyacaq
  16 Mart 2021    Oxunub:2646
Martın 15-də təməli qoyulan və uzunluğu 43 kilometr olacaq Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu region üçün strateji əhəmiyyət daşıyacaq.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, bu yol başlanğıcını Azərbaycanın tarixi ərazisi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən, yəni Hadrut yaşayış məntəqəsindən götürəcək və işğaldan azad olunan digər bölgələri birləşdirəcək. Belə ki, 4 hərəkət zolaqlı yol Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndinədək uzanacaq.

“Digər tərəfdən, yeni yol Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək. Praktik olaraq Zəngəzur dəhlizi vasitəsilə “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Yol dəhliz vasitəsilə həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də işğaldan azad olunan ərazilərimizin və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq”, - deyə deputat vurğulayıb.



Azvision.az



Teqlər: Füzuli   Hadrut  






Xəbər lenti