“Qazprom” Ermənistana Azərbaycan üzərindən qaz tədarük edəcək

 “Qazprom” Ermənistana Azərbaycan üzərindən qaz tədarük edəcək
  17 Mart 2021    Oxunub:1741
Rusiya qazının Ermənistana tədarükü müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə “Qazprom ixrac” şirkəti məlumat yayıb.

Bildirilib ki, buna səbəb Rusiyadan Gürcüstan ərazisi ilə qaz tədarük edildiyi “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərinin təmir olunmasıdır.

“Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazı Azərbaycan ərazisi vasitəsilə istehlakçılara çatdırılacaq. “Qazprom” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ - red.) 16 mart tarixində Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalayıblar.

Müqavilədə “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərinin Rusiya hissəsində planlı profilaktik təmir işləri zamanı Azərbaycan ərazisindən Gürcüstanla sərhədədək istehlakçılara qazın veriləcəyi qeyd olunur.

Təmir işləri təxminən üç həftə çəkə bilər. Tamamlandıqdan sonra qaz əvvəlki marşrut üzrə nəql ediləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti