“Ermənistanın gələcəyi Azərbaycandan asılıdır” - Ekspert

    “Ermənistanın gələcəyi Azərbaycandan asılıdır” -    Ekspert
  17 Mart 2021    Oxunub:2937
“Ermənistan ötən ilin noyabrın 9-da Azərbaycan və Rusiya ilə imzalanan bəyanatın müddəalarına sadiq qalacağı təqdirdə Azərbaycanın infrastrukturundan faydalana biləcək”.
Azvision.az xəbər verir ki, bunu “Reporta”a "Şimali Qafqaz - Cənubi Qafqaz" kəmərində (bu kəmər vasitəsilə Gürcüstan üzərindən Rusiyadan Ermənistana qaz nəql olunurdu) təmir işlərinin aparılması ilə əlaqədar olaraq Rusiyadan Ermənistana təbii qaz nəqlinin müvəqqəti olaraq Azərbaycan üzərindən həyata keçirilməsini şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov deyib.

“Ermənistanın hazırki iqtisadi imkanları müstəqil şəkildə hər hansı kommunikasiyaların inşasını mümkünsüz edir. Bu faktor onun Azərbaycandan asılı vəziyyətə düşməsini labüd edir. Ona görə də Ermənistanın üçtərəfli bəyanatın müddəalarına sadiq qalmaqdan və revanşist niyyətlərdən əl çəkərək konstruktiv mövqe ortaya qoymaqdan başqa bir alternativi yoxdur. Əks təqdirdə siyasi burulğan içərisində çalxalanan qonşumuz həm də dərin iqtisadi böhrana sürüklənmək perspektivi ilə üzləşəcək”.

Ekspert diqqətə çatdırıb ki, bu, eyni zamanda Azərbaycanın çox güclü və effektiv enerji infrastrukturuna malik olmasının göstəricisidir: “Ölkəmiz əməli olaraq 9 noyabr bəyanatına sadiq olduğunu göstərir. Bu, həm də qarşı tərəfə bir ismarıcdır. Yəni Ermənistan konstruktiv yanaşma ortaya qoyduqca kommunikasiyaların açılması Azərbaycan tərəfindən təmin olunacaq. Bu gün faktiki olaraq regionun dalanına çevrilən Ermənistan üçün Azərbaycanın bu cür addımı həyati vacibdir. Çünki infrastrukturun bərpası onun xarici investisiyalar üçün cəlbediciliyini artırmaqla yeni regional layihələrin iştirakçısı olmasında vacib rol oynaya bilər”.

Xatırladaq ki, Rusiya Federasiyasından Ermənistana təbii qaz nəqlinin müvəqqəti olaraq Azərbaycan üzərindən həyata keçirilməsinə dair martın 16-da "Gazprom Export" MMC və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında qısamüddətli müqavilə imzalanıb. Buna səbəb kəmərdə təmir işlərinin aparılmasıdır. Təmir işləri başa çatdıqdan sonra qaz nəqli yenidən Gürcüstan üzərindən aparılacaq.

Azvision.az


Teqlər: Enerji   Azərbaycan  





Xəbər lenti