Daha yoluxucu və öldürücü: Dünyanı cənginə alan “Britaniya ştammı” nədir?

 Daha yoluxucu və öldürücü:  Dünyanı cənginə alan “Britaniya ştammı” nədir?
  18 Mart 2021    Oxunub:10588
Bu gün Azərbaycanda koronavirusun "Britaniya ştammı"nın aşkar edildiyi rəsmi olaraq açıqlanıb. Məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkarlanıb.
Dünyanın 70-dən çox ölkəsində yayılan "Britaniya ştammı" nədir və onun koronavirusun “original” variantından fərqi nədədir?

Məlumat üçün bildirək ki, yeni ştamm ilk dəfə 2020-ci ilin sentyabrında Britaniyanın Kent bölgəsində təsbit edilib. Lakin o zaman bu fakta ciddi əhəmiyyət verilməyib. Koronavirusun "Britaniya ştammı" barədə yalnız iki aydan sonra - ötən ilin dekabrında ölkənin səhiyyə naziri Mett Henkon tərəfindən açıqlama verilib. Yeni ştammın digərlərindən daha yoluxucu olduğu bildirilib. Elm adamları COVID-19 virusunun mutasiya olunmuş növrünün əvvəlki variantlarından 64 faiz daha ölümcül olduğunu təsdiqləyiblər.

Yeni ştamm demək olar ki, Britaniyanın hər yerində yayılıb, bu da infeksiyaya yoluxma hallarının sayında kəskin artıma səbəb olub. Nəticədə hökumət bütün ölkə üzrə “kilidlənməyə” getməyə məcbur qalıb.

Britaniyada aparılmış sınaqlar göstərir ki, yeni ştamma yoluxanlar daha çox öskürək, yorğunluq, əzələ, bədən və boğaz ağrısından şikayət edirlər. Həmçinin, dadbilmə və qoxu hissini itirmək də virusun ilkin əlamətləri sırasındadır.

Britaniyalı virusoloq, professor Lourens Yanqın sözlərinə görə, yeni ştammda Uhanda təyin olunanla müqayisədə 23 dəyişiklik qeydə alınıb.

"Virusun quruluşundakı müəyyən dəyişikliklər bədənin immunitet reaksiyasına və infeksiyanın səbəb olduğu simptomlara təsir edə bilər. Yeni ştamma yoluxanların bədənlərində virus daha intensiv şəkildə çoxalır və bu da infeksiyanın bədənə daha geniş yayılmasına səbəb ola bilər. Bu, ehtimal ki, daha şiddətli öskürək, əzələ ağrısı və yorğunluqla əlaqələndirilir”, - professor deyib.

Britaniyanın “Ekseter” Universiteti tərəfindən aparılan araşdırmalar da təsdiqləyib ki, bu ştamm əvvəlkilərlə müqayisədə 64% daha çox ölümcüldür.

Tədqiqatçılar oktyabr-yanvar ayları arasında koronavirus diaqnozu qoyulan və 28 gün izlədikləri təqribən 55 min xəstənin məlumatlarını müqayisə ediblər. Yeni varianta yoluxanların ölüm ehtimalının 64%-dən yüksək olduğu ortaya çıxıb. Xüsusilə ölüm sayı 1000 yoluxma halına nisbətdə 2,5-dən 4,1-ə yüksəlib.

Tədqiqat iştirakçıları yaş, cins və etnik mənsubiyyət kimi bir neçə faktora görə uyğunlaşdırılıb.

“Reading” Universitetinin professoru Simon Klark virusun bu növünün sürətlə yayılması və yüksək ölüm nisbətinin sağlamlıq sistemlərinə ciddi problem yaratdığını etiraf edib.

Son günlər "Britaniya ştammı"nın sürətlə yayılması və daha çox ölkəni əhatə etməsi müşahidə ounur.

Türkiyənin Hacettepe Universitetinin professoru Murad Akova hələ bir müddət əvvəl bildirmişdi ki, Avropa və ABŞ-da aparılan araşdırmaların nəticələrinə əsasən, martın ortalarından koronavirusun mutasiya olunmuş variantı, xüsusilə "Britaniya ştammı" ön plana çıxacaq. Qarşıdakı mərhələdə aşkarlanan yoluxmaların yarısından çoxunun yeni ştammlara bağlı olacağı təxmin edilir.

Kütləvi peyvənd istehsalçılarının əksəriyyəti vaksinlərin "Britaniya ştammı"na qarşı təsirli olduğunu bildirirlər, lakin Cənubi Afrika və digər variantlar da var ki, bunlar immunitet reaksiyasının inkişafı ilə bağlı narahatlıqlar yaradır.

Məlumata görə, dünyanın 70-dən çox ölkəsində "Britaniya ştammı"na rast gəlinib. Artıq yeni ştammlar dünyada qapanmaları yenidən gündəmə gətirib. Xüsusi narahatlıq Fransada özünü göstərir. Bundan əlavə, B117 variantı İrlandiyada yoluxmaların 75, Portuqaliyada 45, Niderlandda 30%, Danimarkada 27% -ni təşkil edir.

Epidemioloqlar qeyd edirlər ki, peyvənd kampaniyası pandemiya ilə mübarizəyə böyük töhfə verir, lakin əhalinin immun təbəqəsi yaranana qədər profilaktik və məhdudlaşdırıcı tədbirlər unudulmamalıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniyaştammı  



Xəbər lenti