“Baydenin göndərdiyi məktub 4 mesajdan ibarətdir” - Politoloq

 “Baydenin göndərdiyi məktub 4 mesajdan ibarətdir” -  Politoloq
  18 Mart 2021    Oxunub:1902
Xəbər verdiyimiz kimi, bu gün Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
ABŞ rəhbəri məktubunda Azərbaycanla gələcək əməkdaşlıq perspektivlərindən söz açıb. O Azərbaycanla birgə çalışmaqda maraqlı olduqlarını söyləyib.

"Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır", - ABŞ prezidenti əlavə edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az -a açıqlamasında deyib ki, Baydenin fikirlərində bir sıra diqqətçəkən məqamlar nəzərə çarpır:

“ABŞ prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktub 4 mesajdan ibarətdir. Bayden məktubun birinci hissəsində administrasiyasının təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacağını bildirib. Məktubun ikinci hissəsində Amerikanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qaldığı vurğulanıb. Məktubun üçüncü hissəsində isə enerji əməkdaşlığından söz açılıb. Bayden aşkar şəkildə bildirir ki, “Biz iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik”. Co Baydenin məktubda sonuncu mesajı da maraqlıdır: “Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”.

Politoloq onu da vurğulayıb Baydenin enerji əməkdaşlığı və iqtisadiyyatın şaxələndirilməsi barədə dedikləri iki ölkə arasındakı əməkdaşlığın davamı üçün faydalıdır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bayden   ABŞ   Əməkdaşlıq   Məktub  



Xəbər lenti