Sarkisyanın şikayəti rədd edildi, əmlakı həbsdə qaldı

 Sarkisyanın şikayəti rədd edildi, əmlakı həbsdə qaldı
  19 Mart 2021    Oxunub:1623
İrəvan məhkəməsi keçmiş prezident Serj Sarkisyanın əmlakı üzərindən həbsin götürülməsi barədə vəsatəti rədd edib.
Azvision.az xəbər verir ki, bununla bağlı qərarı bu gün keçirilən prosesdə hakim Vahe Misakyan elan edib.

Bundan əvvəl vəkil Ruben Akopyan müstəntiqin Serj Sarkisyanın daşınar və daşınmaz əmlakı, maliyyə resursları, səhmlərinin və ümumi dəyəri 489 milyon 160 min 310 dram olan qiymətli kağızlarının həbsinə nail olduğunu söyləyib. Bir gün əvvəl Sarkisyanın vəkili həbsin ləğvi üçün vəsatət qaldırıb.

Növbəti məhkəmə prosesi 15 apreldə keçiriləcək.

Xatırladaq ki, Sarkisyan 2013-cü ildə “Flash” şirkətini himayə etməkdə təqsirli bilinir. Məhz onun müdaxiləsi ilə bu şirkət dizel yanacağı tədarükü üçün elan edilən dövlət tenderini qazanıb. Baxmayaraq ki, rəqibindən daha yüksək qiymət təklif edib. Sarkisyan dövlətə 1 milyon zərər vurmaqda ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SerjSarkisyan  



Xəbər lenti