Azərbaycan Niderland parlamentinə petisiya göndərdi
Müraciətdə deyilir ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət insan haqları və azadlıqlarının kütləvi şəkildə pozulmasının nəticəsidir. 1992-ci ildə törədilmiş Xocalı qətliamı son 200 il ərzində erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və genosid siyasətinin bir nümunəsi olsa da, təəssüf ki, Ermənistan Respublikası törətdiyi bu cinayətlərə görə beynəlxalq təşkilatlar tərəfindən heç bir məsuliyyətə cəlb edilməyib. Azərbaycanın işğal olunmuş əraziləri idarəolunmaz hala gətirilib. Ermənistan insan haqlarının irimiqyasda pozulmasına yol verir.
Niderland Parlamentinı edilmiş müraciətdə daha sonra Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 200 mindən artıq azərbaycanlının öldürülməsi, 50 mindən çox insanın yaralanması, minlərlə Azərbaycan əsgərinin əsir düşməsi, bir milyon azərbaycanlının öz ölkəsində məcburi köçkünə çevrilməsi və bütün bunların kulminasiyası olaraq 22 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının rus hərbi birləşmələri ilə birgə Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi qətliam haqqında təfərrüatlı məlumat verilir. Bir gecədə 613 nəfərin görünməmiş işgəncələrlə öldürülməsi, onların arasında qadın, uşaq, qocaların olması, yüzlərlə insanın əsir götürülməsi və itkin düşməsi müraciətdə əksini tapıb.
Petisiyada həmçinin vurğulanır ki, beynəlxalq hüquqa görə genosid sülhə və insanlığa qarşı törədilən cinayətdir. “Xocalı qətliamının öncədən planlaşdırıldığı və insanların etnik mənsubiyyətinə görə məhv edilməsinə yönəldiyi üçün bir daha təsdiq edir ki, bu cinayətlər beynəlxalq və milli hüquq normalarına əsasən soyqırım aktıdır. Ermənistan separatçıları tərəfindən törədilmiş vandalizm və zorakılıq cinayətləri genosid kimi qəbul edilməlidir”.
Bu petisiya Niderland Parlamenti ilə yanaşı, BMT-nin Baş Katibi və onun uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə, ATƏT üzvlərinə, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlara göndərilib.