Daha 8 müəssisə Rusiyaya pomidor ixrac edəcək

Daha 8 müəssisə Rusiyaya pomidor ixrac edəcək
  24 Mart 2021    Oxunub:2372
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
Bu barədə Azvision.az -a AQTA-dan bildirilib.

Məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr, habelə təsərrüfatlarda həyata keçirilən birgə videomonitorinqlər və məhsullardan götürülən nümunələrin ekspertizası nəticəsində 24 mart 2021-ci il tarixindən daha 8 pomidor istehsalı müəssisəsindən ("AGRICOLA" MMC, "ŞƏMS BOTANİKA" MMC, "AQROSTORM" MMC, "BƏHRƏ-2010" MMC, "YAŞIL RANÇO" MMC, "SOUTH TRADING" MMC, "EKO-GRUP 2018" MMC və Əliyev Məhərrəm Heydər oğluna məxsus müəssisələr) pomidor ixracına icazə verilib.

Qeyd edək ki, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 82 pomidor müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 236 948 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179 956 ton pomidor məhsulunun 131,6 %-ni təşkil edir.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti