“Azərbaycanda XXI əsrin kənd təsərrüfatı qurulur” – Ekspert

   “Azərbaycanda XXI əsrin kənd təsərrüfatı qurulur” –    Ekspert
  26 Mart 2021    Oxunub:2935
“Ötən əsrdə belə bir düşüncə var idi ki, hansısa ölkə ya inkişaf etmiş sənaye, texnologiya ya da kənd təsərrüfatı ölkəsi ola bilər. Kənd təsərrüfatı bölgələrinə sənayesi inkişaf etmiş regionların ərzaq bazası kimi baxırdılar. XXI əsrdə bu düşüncələr tamamilə alt-üst oldu: Kənd təsərrüfatının özü yüksək elm tutumlu sahəyə çevrildi və aydınlaşdı ki, əgər bir ölkədə inkişaf etmiş kənd təsərrüfatı varsa, demək, yüksək elmi-texnoloji səviyyə də var”.
Ukrayna Ticarət Evinin baş direktoru, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadənin sözlərinə görə, hazırda buna ən yaxşı nümunə Hollandiyadır:
- 10 il əvvələ qədər bizdə “Holland sindromu”ndan danışmaq dəbdə idi. İndi isə Holland modelindən danışmağa başlamağın vaxtıdır. Nədir bu model? Ərazisi Azərbaycandan iki dəfə balaca olan bir ölkə az qala dünyanın yarısını yedizdirir! İlk baxışdan paradoks kimi görünə bilər: Axı böyük kənd təsərrüfatı üçün böyük də torpaqlar lazım idi... Amma artıq elə deyil. Holland modeli kənd təsərrüfatı ilə bağlı bütün klassik təsəvvürləri alt-üst edərək, göstərir ki, kiçik ölkə kənd təsərrüfatı sahəsində dünya lideri ola, nəhənglərlə rəqabət apara, hətta geridə qoya bilər.

Ekspertin sözlərinə görə, biz Hollandiya təcrübəsini çox dərindən öyrənməli, araşdırmalı, ölkəmizdə tətbiq etməliyik. Xoşbəxtlikdən, elə bu yolla da gedirik: “Kənd təsərrüfatı naziri İnam Kərimov niderlandlı mütəxəssisləri əməkdaşlığa cəlb edir, hətta onun məsləhətçilərindən biri hollanddır. Bu, onu göstərir ki, aqrar siyasətimizi yönəldən şəxslər dünyada bu sahədəki vəziyyətdən yaxşı xəbərdardırlar və düzgün istiqaməti tuta biliblər”.

Əlibala Məhərrəmzadə deyir ki, kənd təsərrüfatı nəticələrin özünü o qədər də çox gözlətmədiyi bir sahədir: “Əvvəlki nazirin dövründə hər il təxminən 1.5-3 faiz arası artım olurdusa, yeni nazir təyin ediləndən sonra bu rəqəm 7-8 faiz ətrafındadır. Bu ilin elə təkcə iki ayında 2.3 faiz atım olub. Qarşıdakı illərdə 10, 15, hətta daha yuxarı faizli böyümələr görəcəyimizə də əminəm. Çünki kənd təsərrüfatı – canlı sahədir, onun nəbzini düzgün tutdunsa, bütün canlı orqanizmlər kimi durmadan böyüyəcək, əks təqdirdə isə inkişafdan qalacaq. Bizdə kənd təsərrüfatının nəbzi düzgün tutulur: Məsələn, dizel bahalaşan kimi əkinçilərə bunu kompensasiya edən subsidiyalar verilir. Digər problemlərin həlli də bu cür operativlik relsinə salınıb. Çünki canlı orqanizm gözləyə bilməz və sahəni idarə edənlər bunu başa düşürlər”.

Azərbaycanda kənd təsərrüfatı sahəsinə tədricən yüksək texnologiyaların, elektron xidmətlərin gətirildiyini deyən professorin fikrincə, aqrar siyasəti yönəldənlər çox gözəl fərqindədirlər ki, XX əsrin kənd təsərrüftatı artıq tarixdir, müasir dövrdə onunla heç nə etmək olmaz: “Dünyanın kənd təsərrüfatı nəhəngi olan balaca Hollandiyada əhalinin cəmi iki faizi bu sahə ilə məşğuldur, qalanı yüksək texnoloji inkişafın yaratdığı effektdir. Azərbaycan ancaq bu yolla gedəcəyi təqdirdə uğur qazana bilər. Məsələ ondadır ki, bizdə hələ bir neçə il əvvələ qədər XX əsrin aqrar həyatı var idi, amma indi sürətlə XXI əsrin kənd təsərrüfatı qurulmaqdadır. Kənd Təsərrüfatı Nazirliyi doğru olaraq fermerə aqrar siyasətin həlledici vahidi kimi yanaşır, onları inkişaf etdirməyə çalışır. Çünki bu, sahibkarlığın spesifik sahəsi olduğundan, fermerin təfəkkür tərzi dəyişmədən ölkədə müasir tipli kənd təsərrüfatı qurmaq mümkün deyil. Bu templə inkişaf edərsə, sahələrdə dronların necə işlədiyini görəcəyimiz gün də uzaqda deyil”.



Teqlər: Kənd-təsərrüfatı  





Xəbər lenti