Süveyş kanalı gələn həftəyə kimi bağlı qalacaq

Süveyş kanalı gələn həftəyə kimi bağlı qalacaq
  26 Mart 2021    Oxunub:1900
Süveyş kanalında gəmi nəqliyyatının bərpası əməliyyatı ən azı gələn çərşənbə gününə qədər davam edəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Qeyd edilir ki, hazırda kanalda ilişib qalan nəhəng 400 metrlik konteyner daşıyan yük gəmisinin ərazidən çıxarılması ilə bağlı işlər davam etdirilir. Gəminin yenidən düzgün istiqamətə gətirilərək üzməsi üçün daha çox qum və gilin qazılmasının lazım olduğu bildirilib.

Süveyş Kanal İdarəsi tərəfindən yayılan açıqlamada ərazidən 20 min kubmetrə qədər qumun çıxarılmasının vacibliyi qeyd edilib. Məlumatına görə, əvvəlcə xilasetmə tədbirlərinin təxminən üç gün davam edəcəyi gözlənilirdi.

Qeyd edək ki, Süveyş kanalından dünya yük trafikinin 12% -i keçir və eyni zamanda dünya neft tanker nəqlinin ən işlək su yollarından biridir. Hazırda kanalın bağlı qalması dünya ticarətinə mənfi təsir edir. Mütəxəssislərin hesablamalarına görə, hər ötən gün bir çox ölkələrin iqtisadiyyatına, neft bazarına yüz minlər, hətta milyonlarla dollar ziyan dəyir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Süveyş-kanalı   Bloomberg   Gəmi  





Xəbər lenti