Avropa Parlamentinin qayınana məntiqi

  27 Mart 2021    Oxunub : 3712
   Avropa Parlamentinin qayınana məntiqi
Şəlalə Göytürk

Martın 23-də Avropa Parlamentinin üzvləri Azərbaycanda hərbi əsirlərlə guya qeyri-insani rəftar edilməsi ilə bağlı qərəzli bəyanat yayıb. Bəyanatı Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev imzalayıb.
Azərbaycan tərəfi də haqlı olaraq, sənədin saxta məlumatlar üzərində hazırlandığını bildirərək, AP üzvlərini qeyri-obyektiv mövqe sərgilməkdə, bu cür qərəzli addımlarla Aİ – Azərbaycan əlaqələrinə böyük ziyan vurmaqda suçlayıb.

Azərbaycan tərəfinin yaydığı bəyanatdan sitat: “Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun rəftar edilib. Onlara lazımi tibbi yardım göstərilib və saxlanıldıqları müddətdə tibbi müayinədən keçiriliblər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri 2020-ci ilin oktyabrından etibarən bütün erməni əsirlərə müntəzəm olaraq baş çəkib və nəhayət, bütün hərbi əsirlər 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq müddəasına uyğun olaraq Ermənistana qaytarılıblar.

Üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilən və Azərbaycan tərəfindən saxlanılan erməni sabotaj qrupunun üzvləri isə hərbi əsirlər hesab oluna bilməz və onlar Azərbaycan Respublikasının Cinayət məcəlləsinə görə məsuliyyət daşıyırlar. Saxlanılan bu şəxslərlə də beynəlxalq insan haqları və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə davranılır”.

Sosial şəbəkələrdə və mediada yayılan videolardan da görünür ki, müharibə zamanı əsir götürülən erməni hərbçiləri ilə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində rəftar edilib. Bu faktı erməni əsgərləri öz müsahibələrində dəfələrlə etiraf ediblər.

Gələk Ermənistan tərəfinə əsir düşən azərbaycanlıların taleyinə. Hələ birinci Qarabağ müharibəsi zamanı 4000-dək azərbaycanlı döyüş bölgələrində itkin düşüb. Lakin bu günədək nə Avropa Parlamenti, nə də digər Avropa qurumları erməni əsirliyində saxlanan azərbaycanlıların taleyi ilə maraqlanıb. İnsan hüquqlarını başlıca prinsip kimi qəbul edən həmin qurumlar, İkinci Qarabağ Savaşı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə almasını, müharibə zonasına aid olmayan Gəncə, Bərdə və Tərtər şəhərlərini raket atəşinə tutaraq, uşaqlar da daxil olmaqla, 120-dən çox dinc insanın öldürülməsini pisləyən bircə bəyanat belə verməyiblər.

30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərinin geniş miqyasda minalanması və torpaqların işğaldan azad edilməsindən sonra Ermənistanın hələ də mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi də AP məruzəçilərini qətiyyən narahat etmir. Hansı ki müharibənin rəsmi surətdə başa çatmasından bu günədək, mina partlayışları 20 insanın həyatına son qoyub, 80 nəfəri isə yaralayıb. Bütün dünya üzrə insan hüquq və azadlıqlarını fəaliyyətinin başlıca meyarına çevirdiyini iddia edən “Human Rights Watch” təşkilatı isə görünür, ya azərbaycanlıları insan hesab etmir, ya da erməniləri daha üstün insan kateqoriyasına aid edir. Qurum özünü Cenevrə İnsan Haqları Konvensiyasından daha çox, Corc Oruellin “Heyvanıstan”ındakı “Bütün heyvanlar bərabərdir, amma bəzi heyvanlar daha çox bərabərdir” replikasından təsirlənmiş kimi aparır.

Maraqlıdır ki, Avropa Parlamenti də “Human Rights”ın sözügedən birtərəfli, qərəzli hesabatına əsaslanmaqla öz neytral imicini korlamaqdan çəkinmir.

Münaqişə tərəflərinə münasibətdə bu formada ayrı-seçkiliyin göstərilməsi politikada “ikili standart” (double standard) adlanır. İkili standart barədə tutarlı bir Azərbaycan lətifəsi var.
Qızını təzəcə ərə vermiş, oğlunu da yaxın zamanda evləndirmiş qadın telefonda rəfiqəsi ilə söhbət edir:
- İnanırsan, kürəkənim elə gözəl insandır ki! Qızım səhər yuxudan durmamış, səhər yeməyini, çayını yatağına gətirir, ev işlərində qızıma kömək edir, sözünün üstünə söz demir, çox xoşbəxtəm!
- Bəs gəlininlə oğlun necədir? – deyə, telefonun o başındakı qadın xəbər alır. Pah! Qaynananın gül ağzı açılır, nə açılır:
- Azz, gəlindən danışmaye! Tənbəlin biridi, günortayacan yatır, axmaq oğlum da səhər yeməyini bunun yatağına aparır. Arvadağız gədə gəlini evdə iş görməyə qoymur, bir sözünü iki eləmir, bədbəxt olmuşam əşi!
Bax Avropa Parlamentinin yürütdüyü siyasətlə bu qaynananın məntiqi eyni absurddan qidalanır.

Teqlər: Avropa-Parlamenti