Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən
Azvision.az -a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda Qambay Vəzirov küçəsi, döngə 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Osman Umurxan oğlu Osmanova məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama aparılıb.
İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktlara əməl etmədən fəaliyyət göstərdiyi məlum olub. Yoxlama zamanı müəssisədə istifadə edilən xammalın minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı, həmçinin hazırlanan qidaların mikrobioloji və fiziki çirklənməyə məruzqalma riskinin olduğu müəyyən edilib. Məlum olub ki, təmizlik inventarlarının, yuyucu vasitələrin və dezinfeksiyaedici məhlulların saxlanılması normalara uyğun olaraq aparılmadığından müəssisədə kimyəvi çirklənmə təhlükəsi riski mövcuddur.
Müəssisədə istehsal olunan qənd və marmelad məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Təqdim edilən marmelad məhsulunun normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi məlum olub və həmin partiya məhsulun məhv olunması barədə qərar qəbul edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Azvision.az