“Azərbaycan Dəmir Yolları”nda iclas keçirilib
Cəmiyyət sədri dövlət müəssisələrinin fəaliyyətində, eləcə də dəmir yolu sektorunun inkişafı və səmərəliliyin yüksəldilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb. Prezident İlham Əliyevin 2021-ci il, fevralın 12-də imzaladığı sərəncamla QSC-nin də Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildiyini deyən C. Qurbanov vurğulayıb ki, bütün bu addımlar dövlət şirkətlərinin və müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir. Bu qərarlar həyata keçirilən investisiya proqramlarının iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlığının yaxşılaşdırılmasına təsirini göstərəcək.
İclasda dövlət başçısının sərəncamlarında nəzərdə tutulan məsələlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə müvafiq struktur bölmələrə aidiyyatı üzrə göstərişlər verilib. Hüquq, maliyyə, insan resursları, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş işlər və qarşıda duran vəzifələr barədə hesabatların hazırlanması və təqdim edilməsi tapşırılıb.
Sədr “Azərbaycan Dəmir Yolları” QSC kollektivinin üzərinə düşən öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcəyinə və qarşıda qoyulan tapşırıqların vaxtında və dəqiq həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Azvision.az