“Nədənsə, qismətim daşa toxundu” - Tağı Əhmədov

“Nədənsə, qismətim daşa toxundu” - Tağı  Əhmədov
  27 Fevral 2014    Oxunub:2662
Prezidentin sərəncamı ilə Bakı Metropoliteninin rəisi vəzifəsindən azad edilən Tağı Əhmədov gedişi ilə medianın gündəminə gəlib. Tağı Əhmədov həmişə mətbuatın diqqətində olub.

Onun vaxtaşırı jurnalistlərə qarşı işlətdiyi “Əəəə, bir-bir”, “Burcutma” və digər ifadələri artıq aforizm kimi işlədilir.

T.Əhmədov təkcə metro rəisi deyildi, həm də qələm əhlidir. O, Tağı Sadiq təxəllüsü ilə şeirlər yazır. Məlum olan şeirlərinin əksəriyyətinə mahnılar bəstələnib. Ona görə Tağı Əhmədova nəğməkar-şair də demək olar. Mətbuata kobud davranışları ilə yadda qalsa da, əslində onu tanıyanlar Tağı Sadiqin incə qəlbli biri olduğunu deyirlər.

Qeyd edək ki, təqdim etdiyimiz şeirlərə də mahnılar bəstələnib:

Toxundu

Çox güvəndim sənli olan sevgiyə

Nədənsə, qismətim daşa toxundu.

Məni atıb könül verdin özgəyə

Yoxsa ki, məhəbbət yaşa toxundu.



Bu dünyanın qarası var, ağı var

Sevənlərin sevgi kimi dağı var

Hər bülbülün cəh-cəh vuran bağı var

Məhəbbət büdrəyib xışa toxundu.



Qəlbin çırpıntısı sevəndə olur

Ürək sızıltısı sevəndə olur

Könül pıçıltısı sevəndə olur

Sevgimiz dən düşmüş başa toxundu.



Tara vurğun olduq, kamana aşiq

Muğam şahnaz üstə verdi yaraşıq

Xoş günümüz yaman düşdü qarışıq

Bu yatan eşqimiz huşa toxundu.



Könlümüzü açdıq sevgi dağında

Bir çiçəkli çəmən, bir yaz çağında

Sadiq qərar tutdu hicran bağında

Güllü baharımız qışa toxundu.



Necə dözüm

Yanaqların lalə, dodaqların bal

Alıbsan canımı gözəl həyalım.

Zərif qollarını aç, boynuma sal

Qoyma ki, bu qədər odlara yanım

Hicran daşın atıb sənə inanım.



Gecə də, gündüz də arar yar yarı

Həm acı, həm şirin eşqin diyarı

Deyirəm qismətim olardın barı

Sənsən mənim ruhum ay gözüm, canım.



Sən aydan, günəşdən daha təmizsən

Sanki ləpələnən mavi dənizsən

Bil ki, necə varsan, elə əzizsən

Bir söylə bəs necə dözüm, dayanım.



Yar sənsiz bir günüm bil ki, bir ildi

Bu sevdam car oldu, el aləm bildi

Adıma az qala Məcnun deyildi

Neyləyim sevgimi, mən necə danım.



Dağın həzin yeli, çəmən gülüsən

Tax yaxan üstə qızılgülü sən

Sadiqin qəlbində xoş sevgilisən

Halaldır yolunda tökülsə, qanım.

Sənsən mənim ruhum ay gözüm, canım.

Gözəl

Yaradan yaradıb necə xoş gündə

Günəşdən nur alıb yanırsan gözəl

Bilirsən yox tayın odur özünsən

Aşiqanə çox naz satırsan gözəl.



Dilim söz tutmadı adını bilim

Bilirsən keçmişdi cavanlıq ilim

Çinar boylu, ağca maya, ay gülüm

Ətrafı yandırıb-yaxırsan gözəl.



Danışdın dür düşdü incə sözündən

Baxan çəkə bilməz gözün üzündən

Doğrusu gözəlsən, deyim düzündən

Özündə bunları anırsan gözəl.



Kimsəni görmədim tuta əlindən

Bir kəs incimədi tuti dilindən

Xoşbəxtdir kimsə tutsa, incə belindən

Aşkara bunları sezirsən gözəl.



Naz ilə yeridik birgə cüt qoşa

Yaydan çıxan oxum dəymişdi daşa

Xalqımın mərd qızı sən xoşbəxt yaşa

Sadiqi bəlaya salırsan gözəl.





AzVision.az


Teqlər:  





Xəbər lenti