Fransada koronavirusun pik həddi yaxınlaşır

 Fransada koronavirusun pik həddi yaxınlaşır
  01 Aprel 2021    Oxunub:1669
Fransa 10 gündən sonra koronavirusun üçüncü dalğasının pik həddini yaşaya bilər.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri başçısı Olivyer Veran deyib.

"Epidemiyanın zirvəsi irəlidədir və yaxındır. Məktəblərin bağlanması da daxil olmaqla yeni tədbirlərin effektivliyini qiymətləndirmək üçün 7- 10 gün lazımdır. Ola bilər ki, bu müddətdən sonra epidemiyanın zirvəsinə çatacağıq”, - nazir bildirib.

Veran hökumətin reanimasiyadakı yerlərin sayını artırmağa davam etmək niyyətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, yaxın gələcəkdə reanimasiya şöbələrindəki çarpayı sayı 10 minə çatacaq.

Xatırladaq ki, Fransadakı sanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar olaraq, prezident Emmanuel Makron 3 aprel tarixindən etibarən ölkənin bütün bölgələrində sərt karantin tətbiq ediləcəyini açıqlayıb. Bundan əlavə, bütün təhsil müəssisələri üç həftə bağlanacaq. Paris vaxtı ilə saat 19:00-dan səhər 06:00-a qədər komendant saatı tətbiq ediləcək.

Gələn həftədən etibarən bölgələr arasında bütün səyahətlərə qadağa qoyulacaq. Şəhər sakinlərinin evlərindən yalnız 10 km-dən çox uzaqlaşmasına icazə verilir. Prezidentin sərəncamı ilə məhdudlaşdırıcı tədbirlərə riayət olunmasına nəzarət gücləndiriləcək.

Pandemiyanın başlanğıcından bəri Fransada 4.6 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb, 95 mindən çox insan dünyasını dəyişib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti