“İddia edirəm ki, “İsgəndər”dən atəş açılıb” - Erməni general

  “İddia edirəm ki, “İsgəndər”dən atəş açılıb” -   Erməni general
  03 Aprel 2021    Oxunub:4161
Ermənistanın İkinci Qarabağ müharibəsində "İsgəndər"dən istifadə etməsi faktı təsdiqlənsə də, Ermənistan rəhbərliyi Azərbaycan torpaqlarında qalıqları tapılan raketlərlə bağlı açıqlama vermək istəmir.
Azvision.az xəbər verir ki, Ermənistan ordusunda xidmət etmiş yüksək rütbəli zabitlər və rəhbər şəxslər bu iddianı müharibə bitəndən sonra ortaya atmağa başlamışdılar. Belə ki, bir neçə ay öncə Azərbaycana qarşı "İsgəndər" raketlərindən istifadə olunduğunu deyən Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general Movses Akobyan dünən bir daha öz fikrində qaldığını bildirib.

O, Şuşada raket qalıqlarının aşkarlanması barədə yerli KİV-ə müsahibəsində bunun real olduğunu bəyan edib. "İsgəndər" raket kompleksindən atəş açılıb. Bunu mən də iddia edirəm"․

Xatırladaq ki, Akobyan ötən ilin noyabrın 19-da jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağda münaqişənin gərginləşməsi zamanı “İsgəndər” taktiki raket sistemindən istifadə olunduğunu etiraf etmişdi.

"Raketdən istifadə edildi, amma hansı istiqamətdə olduğunu söyləyə bilmərəm", - deyən erməni general sensasion açıqlama ilə gündəmə gəlmişdi.

Qeyd edək ki, martın 15-də ANAMA əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı Şuşada iki partlamış raketin qalıqları aşkarlanıb. Tədqiqat zamanı raketin üzərində yazılan 9M723 indeks kodu yoxlanılıb. Məlum olub ki, Şuşaya atılan "İskəndər-M" raketidir.

Məsələnin müəmmalı tərəfi odur ki, istifadə edilmiş raketlər Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadəsində olan “M” modifikasiyasına aiddir. Ermənistanda olmayan "İskəndər-M" raketlərinin Şuşaya necə və kimlər tərəfindən atılması hələ də məlum deyil. Sözügedən raketlərin Ermənistana gizli şəkildə verildiyi iddia olunur.

Tural Tağıyev
Azvision.az


Teqlər: İsgəndər  



Xəbər lenti