Beynəlxalq Mina Xəbərdarlığı Günü qeyd olunub

Beynəlxalq Mina Xəbərdarlığı Günü qeyd olunub
  04 Aprel 2021    Oxunub:1415
Aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günüdür. Bununla əlaqədar olaraq bir qrup vətəndaş cəmiyyəti qurumu təmsilçilərinin iştirakı ilə Tərtər, Ağdam və Füzuli rayonlarında tədbirlər keçirilib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) mətbuat departamentindən Azvision.az -a bildirilib ki, Fondun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri Hafiz Səfixanov, “Dayaq” Qeyri-Hökumət Humanitar Yardım Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin rəhbəri Məmmədhəsən Həsənov vətəndaşların mina təhlükəsinə dair maarifləndirilməsi məqsədilə aprelin 3-də Tərtər rayonunun Çaylı, Suqovuşan kəndləri ərazisində və Ağdam rayonunda minalanmış ərazilərə baxış keçirib, ANAMA, UNICEF və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə hazırladıqları maarifləndirici bilbordlar basdırıblar.

Vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri BAMF-ın Müharibədən və minadan zərərçəkənlər üçün yaradılmış Tərtər Regional Peşə Təlim Mərkəzində qazilərlə, minadanzərərçəkənlərlə görüşərək perspektivlərlə bağlı müzakirələr aparıb, onların rəy və təkliflərini dinləyiblər. Vətəndaş cəmiyyəti təmsilçiləri onları minalara qarşı mübarizədə daha fəal olmağa, imkanlarını bu istiqamətdə səfərbər etməyə çağırıblar.

Aprelin 4–də Füzuli rayonuna səfər edən vətəndaş cəmiyyətinin nümayəndələri Alxanlı kəndi ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatları ilə tanış olublar. Sonra Füzuli şəhərində, eləcə də Alxanlı kəndinin vətəndaşlar yaşayan yerlərə yaxın ərazilərdə mina təhlükəsi ilə bağlı bilbordlar basdırılıb.

BAMF-ın prezidenti Umud Mirzəyevin sözlərinə görə, sahələrə baxış zamanı ANAMA-nın sahə işçiləri ərazilərin ciddi şəkildə minalarla çirklənməsinə və sahə əməliyyatlarına dair məlumatlar veriblər. Bildirilib ki, işğaldan azad edilmiş, lakin hələ də təhlükəli olan və xarabazarlığa çevrilmiş yaşayış məntəqələri minalarla misli görünməmiş dərəcədə çirkləndirilib. QHT rəhbərləri çirklənmənin formasından, minaların sayının çoxluğundan dəhşətə gəldiklərini bildiriblər. Vətəndaş cəmiyyəti təmsilçilərinin sözlərinə görə, minalarla çirklənmə yerli əhali arasında ciddi tələfatlara səbəb olur. Buna görə də onlar maarifləndirmənin olduqca vacib hesab etdiklərini bildiriblər.

Səfər çərçivəsində vətəndaş cəmiyyəti təmsilçiləri Ağdam və Füzuli rayonlarında da Qarabağ qaziləri və minadanzərərçəkənlərlə maarifləndirici görüşlər keçirib, maarifləndirmənin əhəmiyyətinə dair müzakirələr aparıblar.

Qeyd edək ki, bir müddət əvvəl yuxarıda adları qeyd olunan vətəndaş cəmiyyəti qurumları Ermənistan tərəfinin minalı ərazilərin xəritələrinin Azərbaycana verilməməsi ilə bağlı beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət edib, onları bu problemin həllində səssiz qalmamağa çağırıblar.

Azvision.az


Teqlər:





Xəbər lenti