“Hər iki dozanı eyni peyvənddən vurdurmaq məsləhətdir” - Həkim

 “Hər iki dozanı eyni peyvənddən vurdurmaq məsləhətdir” -  Həkim
  05 Aprel 2021    Oxunub:4701
COVID-19 peyvəndi qrip peyvəndi kimidir. Bu, inaktiv vaksindir. Peyvəndin fəsadları çox azdır, öldürücülüyü və ya ağırlaşmaya səbəb olması müşahidə edilməyib.

Azvision.az xəbər verir ki, bu barədə “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib. O bildirib ki, vaksindən çəkinmək lazım deyil.
“Hazırda dünyada ÜST və önəmli cəmiyyətlər tərəfindən təsdiqlənən 7-8 peyvənd var. “CoronaVac” peyvəndi ilə bağlı iki ölkədə 3-cü mərhələdə çalışmalar aparıldı. Braziliyada aparılan tədqiqatlara əsasən məlum olub ki, peyvənddən sonra təqribən 50-51 faiz tam qoruyuculuq yaranır, yəni xəstlənmə olmur. İnsanlar üçün daha vacib olan virusu keçirsə belə, xəstə ağırlaşmasın, xəstəxanalıq, reanimasiyalıq olmasın. Braziliyadan gələn məlumata görə, bu istiqamətdə qoruyuculuq 100 faizdir. Türkiyədə aparılan araşdırmaya əsasən, “CoronaVac” peyvəndinin 83 faiz qoruyuculuğu var.

Xəstəxanaya düşmə və ağırlaşma nəticəsi Braziliya ilə eynidir, 100 faiz qoruyuculuq yaranır. Bizim daha çox qorxduğumuz peyvənd olunan şəxs virusa yoluxanda ağırlaşmasın, süni tənəffüs aparatına qoşulmasın, reanimasiyaya düşməsin. Bununla ölümü azaltmış olaq. Bunlar baş verərsə, COVID realda olduğu qədər bizə qorxuducu olmayacaq. “CoronaVac” peyvəndinin effektivliyi xəstəxanaya gedişi tam qoruyur”.

Həkim peyvəndin qoruyuculuq müdddətinin nə qədər davam edəcəyinin hələ tam bilinmədiyini qeyd edib.

“Vaxt irəlilədikcə peyvənd təkrarlana bilər. Başqa viruslar, tənəffüs yolu infeksiyalarında istifadə olunan peyvəndlər əsasən düşünülür ki, 6 ay-1 il müddətində qoruyuculuğu saxlayacaq və bizi koronavirusdan qorumuş olacaq. Ölkəmizə “AstarZeneca” peyvəndi gətirilir. Bu, İngiltərədə və digər ölkələrdə istifadə olunan vaksindir. Sonrakı günlərdə Rusiya istehsalı “Sputnik V” peyvəndinin gətirilməsi və COVAX tərəfindən bizə söz verilən digər vaksinlər - Biontec/Pfizer və Moderna peyvəndlərinin də gətirilməsi planlaşdırılır. Ölkə olaraq istəyirik ki, bütün peyvəndlər gətirilsin və əhalinin hamısı peyvəndlənsin”.

E.Qasımov vətəndaşlara vurulan hər iki dozada peyvəndin eyni olmasının məsləhət görüldüyünü bildirib. “Məsələn, birinci doza “CoronaVac” peyvəndi istifadə olunubsa, 28 gün sonra ikinci dozada eyni peyvəndin vurulması məsləhətdir. Yalnız müəyyən məsələlərdə fərqlənə bilər. Vətəndaşımız Rusiyada və digər ölkədə birinci doz peyənd olub, Azərbaycana gəlirsə, II dozanı alma dövrü ölkəmizə təsadüf edir. Bu dövrü qaçırmamaq və immunitetin yaranması üçün digər peyvənd vurulması mümkün ola bilər. Eyni ölkədə yaşayırsa, dövlətin planlaması da odur ki, hər iki dozada vurulan peyvəndlər eyni olsun”.

Qeyd edək ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Hazırda ölkədə 40 yaşdan yuxarı insanlar könüllü şəkildə peyvəndə cəlb olunurlar.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  






Xəbər lenti