Ani Ödənişlər Sisteminə daha 3 bank qoşuldu

Ani Ödənişlər Sisteminə daha 3 bank qoşuldu
  05 Aprel 2021    Oxunub:2164
Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankının ötən il oktyabrın 1-də istismara verdiyi Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.
Azvision.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Bank Respublika”, "Bank BTB" və “PAŞA Bank” ASC-lər AÖS-ı inteqrasiya olunub. Beləliklə, qeyd olunan bankların müştəriləri fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanını əldə edib.

Hazırda 19 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.

Azvision.az


Teqlər: Bank  





Xəbər lenti