“Prezident yeni hədəfləri müəyyənləşdirdi” - Vüqar Bayramov

 “Prezident yeni hədəfləri müəyyənləşdirdi” -  Vüqar Bayramov
  06 Aprel 2021    Oxunub:2354
Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu sektor üçün yeni hədəfləri müəyyənləşdirdi. Azərbaycanda 72 milyard 432 milyon manatlıq ümumi daxili məhsulun (ÜDM) 6,9 faizi kənd təsərrüfatının payına düşür.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, il ərzində 5 milyard manata yaxın aqrar məhsullar istehsal olunur:

"Aydındır ki, həm kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, həm də bu sektorun ÜDM-də payının artırılması üçün su təsərrüfatı sistemi təkmilləşdirilməlidir. Əvvəla, su ehtiyatlarının sahibkarlar və fermerlər arasında tam ədalətli bölgüsü mexanizminin yaradılmasına ehtiyac var. Digər tərəfdən, su mənbələrinin əsasən ölkə xaricində olduğunu nəzərə alsaq su ehtiyatları və ehtiyaclarının elektron xəritəsinin hazırlanması və buna uyğun olaraq sahibkarların su təminatının genişləndirilməsi məqsədəuyğundur. Belə elektron xəritələr əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur və nəticədə ehtiyacların hansı mənbələr hesabına ödənilməsinin müəyyənləşdirilməsinə imkan yaradır.
İşğaldan azad olunmuş ərazilərimizdə mövcud su ehtiyatlarını və torpaq fondunu nəzərə alsaq, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının yaxın illərdə daha 1 milyard manat artırılması mümkündür. Bu isə su təsərrüfatında müasir menecement yanaşması tələb edir".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Azvision.az


Teqlər: Kənd-təsərrüfatı   Meliorasiya   Su  





Xəbər lenti