“Düşmənə yumruğumuzun gücünü göstərdik” - Şəhid polkovnikin xanımı

 “Düşmənə yumruğumuzun gücünü göstərdik” -  Şəhid polkovnikin xanımı
  06 Aprel 2021    Oxunub:5608
“Aprelin 6-sı mənim üçün çox ağrılı gündür. Həyat yoldaşımı məhz bu gün torpağa tapşırdıq”

Bunu Azvision.az -a Aprel döyüşlərində şəhid olan polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyeva deyib. Şəhid xanımı Aprel döyüşlərini Vətən Müharibəsinə gedən yolun başlanğıcı adlandırıb.
“Biz 1990-cı ildən bəri şəhidlər verirdik. Aprel döyüşlərində 25 ildən sonra ilk dəfə idi ki, ermənilərə yumruğumuzun gücünü göstərdik. Biz torpaq itirmədik, torpaq qazandıq. Özü də öz torpaqlarımızı qazandıq. Əgər müharibə aprelin 4-dən sonra davam etsəydi, problem 2020-yə qalmaycaqdı. Vətən Müharibəsində şəhid olan oğlanlarımız 2016-cı ildə də şəhid olub, yenə də torpaqlarımızı geri alacaqdılar. Zəfərdən zəfərə yol açıldı, hər şey Apreldən başladı. Dörd il fasilə olmasına baxmayaraq, Şuşaya bayraq sancmaqla qürurumuzu təsdiqlədik. Hər şey şəhidlərimizin qanı bahasına başa gəldi. Mən bundan sonra şəhidlərimizin olmamasını istəyirəm. Uşaqlar atasız qalmasınlar.



"O gün olsun, Qarabağ azad edilsin" sözünü daha eşitməyəcəyik. Novruzda Şuşada tonqal qaladıq. Qələbəmizi qeyd etdik. Bundan sonra şəhid övladları, atasız uşaqlar olmayacaq. Torpaqlarımız əbədi bizim olacaq. Şəhid xanımları dözümlü olsunlar. Onların həyat yoldaşları qanları ilə tarix yazdılar. Şəhidlərin hər biri bizim sərvətimizdir".



Şəhidin həyat yoldaşı 6 aprel tarixinin onun üçün ağrılı gün olduğunu söyləyib: "Bu gün mənim ən ağrılı günümdür. Vüqar aprelin 4-ü şəhid oldu, biz onu aprelin 6-sı dəfn etdik. Buna görə də rayona gəlmişəm. Məktəblilər onun məzarını ziyarət edirlər. Məndən fərqli olaraq Vüqar gülləri çox sevirdi. İndi özüm onun üçün güllər bağlatdırıram. Ən sevdiyi gülləri məzarının üstünə düzmüşəm.

2016-cı ilin martın 20-si biz bayramı qeyd edəndə, o, evə gec gəlmişdi. Əsgərlərinin yanında idi. Demişdi ki, bayramı onlarla qeyd edib gələcəyəm. Həmin gün yoldaşım Cəbrayıldan söhbət açdı. Dedi, Cəbrayılı alacağıq, sənə bu azadlığı hədiyyə edəcəyəm. Cəbrayıl işğaldan azad ediləndə elə başa düşdüm ki, onun iş yoldaşları bu qələbəni həm Vüqara, həm də mənə hədiyyə etdilər. Vüqar isə bizə Cocuq Mərcanlını, Lələ Təpəni, Talış yüksəkliyini qoyub getdi. Ağrılı olsa da hər şey qaydasına düşəndən sonra ata yurdum Cəbrayıla gedəcəyəm”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: VüqarYusifov   Aprel   şəhid  





Xəbər lenti