İtaliya mətbuatı Qarabağdakı mina təhlükəsindən yazdı

  07 Aprel 2021    Oxunub : 1190
 İtaliya mətbuatı Qarabağdakı mina təhlükəsindən yazdı
İtaliyanın “Politicamente Corretto”, “Askanews”, “Agenzia Nova”, “Yahoo Notizie”, “KmetroO” kimi kütləvi informasiya vasitələrində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina təhlükəsinə barədə məqalələr dərc edilib.
Azvision.az xəbər verir ki, məqalələrdə Beynəlxalq Mina Xəbərdarlığı və Minalara Qarşı Mübarizə Günü münasibətilə ADA Universitetində təşkil olunmuş tədbirdə səsləndirilmiş fikirlərə geniş yer verilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə çıxış edərək, Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi bir təhlükə yaratdığını, eləcə də sosial-iqtisadi inkişafa mane olduğunu vurğulayıb.

H. Hacıyev bildirib ki, ölkələr tərəfindən minalara qarşı mübarizə şəraitinin yaradılması və səylərin inkişaf etdirilməsi məsələsi çox vacib əhəmiyyət kəsb edir. Bu, xüsusən də minalardan zərər çəkmiş ölkələrə aiddir. Təəssüf ki, Azərbaycan minalardan zərər çəkmiş ölkələr kateqoriyasına daxildir. Həmçinin vurğulanıb ki, hərbi əməliyyatlar zamanı və ya hərbi vəziyyətlərdə mülki şəxslər hədəfə alınmamalıdır.

Prezidentin köməkçisi, eyni zamanda, vurğulayıb ki, azad olunmuş ərazilərində qalan hər bir mina Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarına və mülki əhaliyə təhdid təşkil edir.

Hikmət Hacıyev xüsusi qeyd edib ki, minaların yaratdığı əlillik ağır fəsadlarla müşayiət olunur, qurbanlar, onların ailələri və ümumilikdə cəmiyyətin rifahına mənfi təsir göstərir. Minaların qurbanları ölçüyəgəlməz dərəcədə fiziki ağrı, psixoloji və emosional zədə alırlar. Piyada əleyhinə minalar Ermənistan tərəfindən məqsədyönlü qisas strategiyasının bir hissəsi kimi mülki əhalini terrora məruz qoymaq və təxminən 30 ildən bəri davam edən etnik təmizləmə siyasətinin nəticələrini aradan qaldırılmasını əngəlləmək üçün istifadə olunur.

Ermənistanın minalanmış ərazilərin xəritələrini təhvil verməməsi məsələsinə də toxunan Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Ermənistanın xəritələri verməkdən imtina etməsi də iki ölkə arasında sülh və etimadın yaranmasına mənfi təsir göstərir, ölkələr arasında, eyni zamanda, bölgədəki sabitliyi və əmin-amanlığı əngəlləyir. İşğaldan azad edilmiş ərazilərə səpələnmiş minalar sosial-iqtisadi inkişafa mane olur və 2030-cu ilədək davamlı inkişaf proqramı çərçivəsində Azərbaycanın hədəflərinə çatmaq üçün ciddi maneə törədir. Hazırda Azərbaycanın azad edilmiş ərazilərini minalardan və digər partlayıcı qurğulardan təmizləmək Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir.

Sonda Hikmət Hacıyev diqqətə çatdırıb ki, minaların basdırılması çətin olmasa da, onların çıxarılması son dərəcə ləng, təhlükəli və bahalı bir işdir. Minaların təmizlənməsi Azərbaycan hökumətinin prioritetlərindən biri kimi müəyyən edilib.

Azvision.az

Teqlər: İtaliya   Qarabağ