Zəngilanda 1500 hektar Tuqay meşələri məhv edilib

  07 Aprel 2021    Oxunub : 1321
Zəngilanda 1500 hektar Tuqay meşələri məhv edilib
"Zəngilan rayonunda iki xüsusi mühafizə olunan təbiət ərazisi yerləşir. Onlardan biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digər Arazboyu Dövlət Təbiət yasaqlığıdır".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, Bəsitçay Dövlət Təbiət qoruğunun ümumi sahəsi 107 hektardır:
"Qoruq 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qoruq unikal ekosisteminə görə fərqlənir. Bura təbii hallarda Şərq Çinarlarının bitdiyi ən böyük ərazidir. Bu ərazinin 100 hektarı Şərq Çinarları, qalan hissəsi isə qarışıq meşəlikdir. Qoruq ərazisindəki ağacların yaşı əsasən 150-200 ildir. Aralarında yaşı 1500 ildən çox olan ağaclar da var".

Nazirlik rəsmisi bildirib ki, qoruğun vadisində Bəsitçay çayı axır:

"Çay öz mənsəbini Zəngəzur silsiləsindən alır və 15 kilometr qoruğun ərazisindən keçir. Şərq Çinarı meşəliyi də qoruğun vadisində yerləşir. İlkin monitorinqlərə görə, işğal dövründə erməni vandalizmi nəticəsində 42,8 hektar meşə sahəsi məhv edilib".

Arazboyu Dövlət Təbiət yasaqlığı 2200 kvadrat metr ərazini əhatə edir:

"Zəngilanın işğalından bir neçə ay əvvəl yaradılmış təbiət yasaqlığıdır. Yaradılmasında məqsəd Arazboyu Tuqay meşələrinin qorunması olub. Təəssüf ki, mənfur düşmən tərəfindən Araz çayının məcrası dəyişdirilib. Həmin ərazidə 1500 hektaradək Tuqay meşələrinin məhv edildiyi məlumdur".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ETSN   Zəngilan