“ÜST rəhbəri Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirir” - Deputat

 “ÜST rəhbəri Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirir” -   Deputat
  08 Aprel 2021    Oxunub:2857
"Vaksinasiya prosesinin həyata keçirilməsində Azərbaycanın öncül yer tutması ÜST rəhbəri tərəfindən xüsusi olaraq qeyd edilir".
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib. O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əvvəlki dönəmlərdə də Azərbaycanın pandemiya ilə mübarizəyə verdiyi töhfələri yüksək qiymətləndirib:

“Dünən Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin videomüraciəti təqdim olundu ki, ölkə başçısı burada bir sıra mühüm məsələlərə toxundu. Bundan öncə də aprelin 1-də ÜST rəhbəri ilə Azərbaycan Prezidentinin onlayn formatda baş tutan görüşündə pandemiya ilə mübarizədə görülən tədbirlər və bu istiqamətdə beynəlxalq arenada Azərbaycanın gördüyü işlər, ölkəmizin bu sahədə atdığı addımlar, pandemiya ilə mübarizəyə verdiyi dəstək, o cümlədən ayrı-ayrılıqda 30-a qədər ölkəyə yardım etməsi xüsusi vurğulanmışdı. Vaksinasiya prosesinin həyata keçirilməsində Azərbaycanın öncül yer tutması ÜST rəhbəri tərəfindən xüsusi olaraq qeyd edilir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın həqiqətən də bu proseslərdə həm öz vətəndaşlarının sağlamlığının qorunması üçün atdığı mühüm addımların, həm də beynəlxalq platformada vaksinlərin ədalətli bölüşdürülməsinə çağırış etməsinin, beynəlxalq ictimaiyyətin diqqətini xalqlar arasında bu sahədə ayrı-seçkiliyə yol verilməməsinə çəkməsinin önəmi hər zaman vurğulanır".

Deputat deyir ki, ölkə rəhbəri bir neçə dəfə vaksin ədalətsizliyinə qarşı öz etiraz səsini ucaldıb və Qoşulmama Hərəkatının rəhbəri kimi mümkün ola biləcək yardımları belə əsirgəməyib:

“Azərbaycan humanitar və maliyyə yardımları mövzusunda ikitərəfli formatda və beynəlxalq təşkilatlar səviyyəsində prosesə öz töhfəsini verib. ÜST rəhbəri görüşdə və “Tvitter”də etdiyi paylaşımlarında Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirdi və həm koronavirusla mübarizə, həm də digər proseslərdə atdığımız addımlar yüksək səviyyədə dəyərləndirilir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: ÜST   Pandemiya  





Xəbər lenti