Yaqub Zurufçu: “Heç vaxt Qarabağa getməmişəm” - MÜSAHİBƏ
Bu gün sevimli müğənni Yaqub Zurufçunun doğum günüdür. 65 yaşını qeyd edən Əməkdar artist özəl günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Mənə görə yaş insanın özündən asılı olan bir şeydir. Məsələn, Yaponiyada insanlar 60 yaşından sonra həyat yoldaşı ilə birgə səyahət edirlər, gəzirlər. Onlardan soruşanda ki, bəs bu günə qədər bunları niyə etmirdiniz, deyirlər ki, ömür 60-dan sonra başlayır. Bildirirlər ki, övladlarını böyüdüb yerbəyer ediblər, indi isə özün üçün yaşamaq vaxtıdır. İnsan yaşa dolduqca həm yaşamaq, həm də müsbət şeylər etmək istəyir. Maddiyatdan, dünya malına hərislikdən vaz keçir.
İnsanın 60 yaşında istədiyi təmiz addır. Buna görə də mənim fikrimcə, bu yaşdan sonra yaşayış başlayır. Özünü zamana uyğun aparırsan, dünyanın işini çətinləşdirmirsən, hər şey qaydasında gedir.
- “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”. Hərdən ürəyinizdən belə hisslər keçirmi?
- Bu, qeyri-mümkün məsələdir, ötən günləri heç vaxt qaytarmaq olmaz. Sadəcə bir fərziyyədir. Cavanlıq gözəldir, insan daha rahat, problemlər az və sağlamlıq indikindən yaxşı olur. Ona görə də insan həmişə o çağları arzulayır, şeirə çevirir. Ancaq bu, bir həvəsdir. Həvəslə məsələ həll olunmur. Mən keçmişə baxıb gələcəyimi qururam. Keçmiş çağlarım yaxşı idi, indi də həyat mənə xoşdur. Özümü xoşbəxt hiss edirəm. Azərbaycandayam, xalqımızı çox sevirəm. O taydakı (İranda-red) azərbaycanlılar da qəlbimdədirlər. Azru edirəm ki, xalqımız həsrətdən uzaqlaşsınlar, bir-birilərinə yaxınlaşsınlar.
Gənclikdə məşhur olmağı arzulayırsan, idman edirsən, ora- bura qaçırsan. İndi isə sakit həyat yaşayırsan. O da gözəl idi, bu da gözəldir. Ən azı indiki gördüyüm işi gözəl, nəcabətlə görüm, xalqımız da məndən razı qalsın.
- Özəl gününüzü necə qeyd edəcəksiniz?
- Ailəm məni təbrik etdi, televiziya çəkilişlərinə getdim. Axşam ailəmlə bir yerdə olacağam. İndiki vəziyyətdə mən doğum günümü qeyd etmək istəmirəm. Bizim şəhidlərimiz var. Haradasa oturub doğum günü qeyd etməyi, kef-damaq içində olmağı mədəniyyətdən kənar hesab edirəm. Biz şəhidlərimizin ailələrini fikirləşməliyik. Məclisə çəkdiyimiz xərcləri elə bir şəhid ailəsinə verərik. Onlar da sevinsin, xoşbəxt olsun. Əlimizdən gələn qədər bu insanlara baş çəkməliyik.
- Siz də bir azərbaycanlı kimi Qarabağın işğaldan azad olunmasına şahidlik etdiniz. Vətən müharibəsi günlərində ürəyinizdən hansı hisslər keçirdi?
- Şuşa azad olunanda mən Üzeyir bəyi xatırladım. Üzeyirin şəhəri azad olundu. Arzum budur ki, Şuşanın mədəniyyət sarayında Üzeyir bəyin, Bülbülün adına konsert verək. İnanırsınız ki, mən ömrümdə Qarabağa getməmişəm. Azərbaycana ilk dəfə 1989-cu ildə gəlmişəm, o zaman Qarabağda vəziyyət pis idi, oralara gedə bilmədim. Ömrümdə ilk dəfə Qarabağı azad görmək qismətim oldu, bu, mənim üçün möcüzədir. Azərbaycan xalqı qeyrətli hərəkət etdi, çirkin əlləri Qarabağın üzərindən atdı. Mən heyran qaldım. Doğrudur, şəhidlərimiz də oldu. Amma Qarabağı azad etmək üçün qan lazım idi. Bundan sonra övladlarımız bizə pis gözlə baxmayacaqlar, üzümüz ağ oldu. Müharibə dövründə Solmaz xanım Şirvanlının sözlərinə musiqi bəstələmişdim. “Qarabağ” adlı mahnını ifa etmişdim.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: YaqubZurufçu