Ermənistandakı seçkilər Moskvadan başlayır - ŞƏRH

Ermənistandakı seçkilər Moskvadan başlayır -  ŞƏRH
  08 Aprel 2021    Oxunub:4668
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik daha da artır. Artıq sabiq prezident Robert Koçaryan özünün aktiv seçki kampaniyalarına başlayıb. O, ilk olaraq Rusiya telekanalına müsahibə verməklə “böyük qardaş”larına ümidli olduğunu nümayiş etdirib.
Müharibə cinayətkarı kimi ad çıxarmış Koçaryan Poznerə müsahibəsində 30 illik dövrdə "əsas nailiyyətinin" nədən ibarət olduğuna dair suala cavab verməkdə çətinlik çəkib. Təbii ki, bunun əsas səbəbi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsidir. Çünki Koçaryan həmişə Azərbaycan torpaqlarının işğal edilməsi ilə öyünüb və bunu erməni xalqı qarşısında öz xidməti kimi təqdim edib. Lakin 44 günlük müharibədə Koçaryan-Sarkisyan hərbi cinayətkar rejiminin qurduğu ordunun darmadağın olması, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Koçaryanı “sıfır nöqtəsi”nə qaytarıb.

Vətən müharibəsi Njdedən qalmış ideologiyanı, Koçaryanın faşist strategiyasını darmadağın etdi. Həm Koçaryan, həm də baş nazir Nikol Paşinyanın Rusiyadan seçki kampaniyalarına başlaması isə onlara yeni ruh verməyəcək.



Məsələni Azvision.az –a şərh edən politoloq Tofiq Abbasov deyib ki, Azərbaycanın yaratdığı yeni situasiya Ermənistanın siyasi elitasını alt-üst edib. İstər Koçaryan, istərsə də Paşinyan proseslərə sıfırdan başlamağa məhkumdur:

“Məsələ burasındadır ki, onların böyük məğlubiyyətinin əsas səbəbi sərt ideoloji xəttin yürüdülməsi oldu. Yəni bu adamlar 1998-ci ildə Petrosyanı devirdikdən sonra elə bir situasiya yaratdılar ki, Ermənistan özünə qapandı, mifik tərzdə özünü əbədi qalib kimi hiss etməyə və astronomik imkanlarına inanmağa başladı. Ona görə də, sentyabra qədər erməni siyasi elitası Azərbaycanı hədələyib, təhrik etməklə məşğul oldu. Deyirdilər ki, bacarırsınızsa səngərləri aşıb gəlin. Amma biz gəlsək, yeni ərazilər götürəcəyik. Bütün bu özündənrazı çağırışların nələrlə nəticələnməsini hamımız gözəl gördük. İndi isə bütün erməni siyasətçilərin, xüsusən də hakimiyyətə iddialı olanların vəziyəti belədir ki, potensial namizədlər yalnız bir-birini ittiham etməklə xal qazanırlar. Hazırda yalnız məyus olmuş Koçaryan deyil, bütün müxalifət deyir ki, problemlərin mənbəyi Paşinyanın hakimiyyətidir. Koçaryan iddia edir ki, guya bu üç ildə baş verən proseslər Ermənistanın siyasi konfiqurasiyasını çökdürdü. Amma indi erməni siyasətçilər Koçaryanqarışıq təkliflər baxımından kasadlıqla üzləşiblər. Konkret deyə bilmirlər ki, hakimiyyətə gəlsələr nə edəcəklər”.



Tofiq Abbasovun fikrincə, Koçaryan nə vaxtsa, möcüzəvi şəkildə yenidən rəhbər olsa belə, Qarabağ mövzusunda heç bir müsbət addım ata bilməyəcək:

“Dövr ayrı dövrdür, güc balansı və situasiya tamam fərqlidir. Ona görə də, koçaryanların bundan sonra ancaq əllərində Nikola qarşı ittihamlar olacaq ki, bununla da gündəmdə qalacaqlar. Vəssalam. Nəinki Koçaryan, digər aktiv siyasətçilər, ortadakı qüvvələrin heç biri özünü işlək, praqmatik tərzdə təqdim edə bilməyəcəklər. Bu baxımdan indi bir qədər Paşinyanın üstünlüyü sezilir. Çünki o özündə cəsarət taparaq bəyan etdi ki, gərək siyasətimizi dəyişək. Bu da reallıqdır. Başqa yol yoxdur. Digər yol revanşizmdir. Hakimiyyətə iddialı yeni qüvvələr deyirlər ki, beş on il sonra müharibəyə hazır olmalıyıq. Siz bu illərdə ordu quruculuğu ilə məşğul olacaqsınızsa, Azərbaycan yerindəmi sayacaq? Koçaryan və Paşinyan gözəl anlayır ki, indikindən artıq güclənərək daha çox irəli gedəcəyik. Ona görə də, Koçaryan və digər qüvvələrin çıxışı ciddiyə alınmamalıdır”.



Politoloq onu da qeyd edib ki, Koçaryanla Paşinyan Moskvadan imdad diləməkdən, seçki kampaniyalarına Moskvadan başlamaqdansa, son proseslərdən ibrət götürməlidir, digər ölkələrə qarşı ərazi iddialarını ifadə etməyi dayandırmalıdırlar. Bunun yönsüz, perspektivsiz siyasət olması son müharibədə bir daha sübut olundu. Qonşuluq münasibətlərinə dönmək, sağlam məfkurəni qidalandırmaq, bölgədə açılacaq Zəngəzur dəhlizi ilə bağlı bütün proqramların hamısını dəstələmək yeganə yoldur:

“Həm Paşinyan, həm də Koçaryanın komandası başa düşür ki, seçkidən sonra qarşıdakı illərdə başqa yolun seçilməsi intihara bərabərdir. Hazırda Moskva ilə bağlı siyasi elitanın ümidləri böyükdür. Çünki bilirlər ki, Rusiyanın Ermənistana müdaxilə imkanları genişdir. Düzdür, Kreml proseslərdə o qədər də canfəşanlıq etmir, vəziyyəti bir qədər öz ixtiyarına buraxır. Amma seçkilərlə bağlı Ermənistanda müşahidə etdiyimiz “siyasi yarmarka”nın bir ucu Moskvanın əlindədir. Koçaryan aşkar şəkildə dedi ki, ümid yerimiz Rusiyadır. Elə Paşinyan da quyruğu qapı arasında qalan kimi şimal qonşumuza pənah aparır. Ancaq Nikolun Moskvaya səfərinə lüzum yox idi. Sadəcə, seçkilərə qatılacaq deyə Moskvaya yollandı. Yəni hazırda ortada yeni bir narahatlıq yaradacaq məsələ yoxdur. Ermənistan rəhbərinin Putinə yeni AES tikintisi və silahlanma ilə bağlı təkliflərinə gəldikdə isə, bunlar Rusiyanın işgüzar maraqlarına qulluq edən layihələrdir.

Zatən Rusiya Ermənistanı həm də ona görə əlindən buraxmır ki, bu ölkə onun üçün böyük bazardır. Təbii ki, indi ordunun yenidən silahlanma məsələsi var. Ermənistan büdcəsindən bu problemlərə xeyli pullar ayrılacaq. Hətta müharibəyə hazırlıq getməsə belə, həqiqətən də İrəvanın ordu quruculuğunda ciddi problemləri var. Fakt budur ki, erməni ordusunun 70 faizi müharibədə məhv edildi. Alınmış silahların çoxunun yararsız olması məsələsi də üzə çıxdı. Bu boşluqları hansı yollarla doldurmaq olar? Rusiya amili ilə. Bu səbəbdən ruslar da indiki fürsəti əldən vermək istəmirlər. Digər tərəfdən ruslar müttəfiqi, forpostu kimi İrəvanın üzərindəki nəzarəti əlində saxlayacaq və bununla da Qərbpərəst qüvvələrin canfəşanlığı, geniş vüsət alması, vədləri sabun köpüyü kimi partlayıb gedəcək. Bu ölkədə Koçaryan və ya hansısa başqa qüvvələrdən perspektiv, ciddi transformasiyalar gözləməyə dəyməz. Hər iki şəxs seçkiqabağı kampaniyalarda xal qazanmaq üçün Moskvaya yollandı. Amma bu siyasi oyunlarda Koçaryanın heç bir şansını görmürəm. Nikol Paşinyan isə daha şanslıdır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   Koçaryan  



Xəbər lenti