“Ağdamda xarabalıqdan başqa bir şey görmədik” - Hacı Surxay

 “Ağdamda xarabalıqdan başqa bir şey görmədik” -  Hacı Surxay
  08 Aprel 2021    Oxunub:5538
İşğaldan əvvəl Ağdamda olmuşdum, orada namaz qılmışdım, Ağdamda dostlarım var idi. Lakin dünənki səfər zamanı orada xarabalıqdan başqa bir şey görmədik. Ağdam qeyd edildiyi kimi “Ruhlar şəhəri”dir.
Bunu Azvision.az -a açıqlamasında İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay deyib. O, 28 ildən sonra ilk dəfə Qarabağ torpağında ayaq basdığını bildirib.

“Biz orada Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etdik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Ağdam Cümə Məscidində Şeyx həzrətlərinin (QMİ sədri Allahşükür Paşazadə-red) rəhbərliyi altında camaat namazı qıldıq. İllərlə orada vəhşilik edən ermənilər Allahın evində heyvanlar, donuz saxlayıb. Biz Cümə Məscidində olduq, Azərbaycanın bütövlüyü uğrunda öz canlarını fəda edən əsgərlərimizin, şəhidərimizin ruhuna dua etdik. Dünya bu vandalizmi gördü. Bu qədər amansızlıq, qəddarlıq, vəhşilik etmək olarmı?”.



Hacı Surxay qeyd edib ki, insanın evini tarimar etmək, daşı-daş üstündə qoymamaq bəşəri cinayətdir.

“Ermənilər bəşəri cinayət törədib. Artıq azad olunmuş torpaqlarda insan nəfəsi, müsəlman nəfəsi, inanc nəfəsi var. Bütün səmavi dinlərə hörmətim var. Səmavi dinlərdə belə qətliam olmur. Ermənilərin heç bir dini, əqidəsi yoxdur.

Allah Ali Baş Komandanı, Ordumuzu qorusun. Biz onlar və qanları tökülən şəhidlərin sayəsində Ağdama gedə bildik. Torpağa baxırdın, bizdən sanki su, hava, həyat istəyirdi. 28 il ərzində orada mənbə bağlanmışdı”.



Ötən gün Ağdama dini konfesiyyaların rəhbərlərinin getdiyini xatırladan Hacı Surxay din xadimlərinin səfər zamanı erməni vandallığına şahidlik etdiklərini söyləyib.

“Onların təəssüratlarını öyrəndim, hətta bir neçəsi bu vandallıq qarşısında göz yaşlarını saxlaya bilmədi. Onlar qeyd edirdi ki, biz belə vandallığı eşitmişdik, amma gördüklərimiz heç bir əqidəyə sığmır. Düşmən günahsız insanları, uşaqları amansızcasına öldürüb, daşı-daş üstündə qoymayıb. Bütün dini konfesiyyaların nümayəndələri ermənilərin hərəkətlərini lənətlədilər.

İnanıram ki, növbəti dəfə Şuşaya və digər yerlərə ziyarət edəndə, biz orada yeni ab-havanın şahidi olacaq, orada insanlar yaşayacaq. İkinci görüşümüz ümid edirəm ki, yeni fikir, təəssürat yaradacaq”.

Qeyd edək ki, ötən gün Ağdama səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak ediblər.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ağdam   Məscid  





Xəbər lenti