Aprel qazisi: “İndiyədək verdiyimiz bütün şəhidlərin qisası alındı” - FOTOLAR

  09 Aprel 2021    Oxunub : 8007
  Aprel qazisi:  “İndiyədək verdiyimiz bütün şəhidlərin qisası alındı” -  FOTOLAR
“Vətən müharibəsində indiyə kimi verdiyimiz bütün şəhidlərin qisası alındı”.
Bunu Azvision.az -a Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan giziri, Qarabağ qazisi Sərxan Məmmədov Vətən Müharibəsində qazanılan qələbədə Aprel döyüşlərinin rolundan danışarkən deyib.

Qazi 44 günlük müharibə müddətində ön cəbəhədən gələn yaralıların təxliyə edilməsində böyük köməklik göstərib:

“Vətən Müharibəsində döyüşlərdə iştirak etmək məqsədilə hərbi komissarlığa müraciət etdim. Ancaq əlil kimi qeydiyyatda olduğuma görə, dedilər, gözləyin. Bir həftə ön cəbhədə oldum, döyüşlərə qatılmağım üçün rəsmiləşdirilmənin edilməsini xahiş etdim. Təəssüf ki, alınmadı. Ondan sonra yaralı döyüşçü qardaşlarımızın təxliyyə edilməsində, daşınmasında və onlara təminatın çatdırılmasında iştirak etmişəm.

Müharibə dövründə bir gün də olsun Bakıda qala bilmirdim. Qardaşlarımızın, yaralıların ehtiyacları olan şeyləri götürüb geri qayıdırdım. Orada düşərgədə qalıb, daimi əlaqədə olurdum. Müharibə günlərində bununla təsəlli tapırdıq, yoxsa belə dayanmaq olmurdu. Adamın ürəyi partlayırdı. Vətən Müharibəsində 90-cı illərdən bəri verdiyimiz şəhidlərin qisası alındı. Biz öhdəliyimizə düşəni etdik”.



Vətən uğrunda göstərdiyi şücaətə görə “İgidliyə görə” medalı ilə təltif edilən qazi Aprel döyüşlərində şəhid olan yoldaşlarını da anıb. Qazanılan Zəfərin onların ruhunu şad etdiyini dilə gətirib:

“Biz Talış kəndi uğrunda döyüşmüşük. Bizm içimizdə bir alov var idi. Düşməni məhv etmək istəyirdik. Hər zaman gözüm yanımda şəhid olan döyüşçü yoldaşlarımı axtarır. Əminəm ki, həmin oğlanların ruhu şəhid olduqları yerdə, Talış kəndində dolaşır. Uzun müddət onların yoxluğunu qəbul edə bilmirdim. Mənə elə gəlirdi ki, harasa gediblər, bir neçə günə qayıdacaqlar. Çox çətin günlər idi. Vətən Müharibəsi günlərində Aprel döyüşlərini, şəhidlərini xatırlayırdım. Yadıma döyüş səhnələrimiz düşürdü.

İndiyə qədər gözümün qabağındadır. Bizim dəstə iki yarımqrupa bölünmüşdü. İkinci yarımqrup mühasirədə qalmışdı. Döyüş yoldaşımla geri qayıdıb, onları mühasirədən çıxardıq. Atışma zamanı iki nəfər şəhid oldu, bir nəfər yaralandı. Orada bizim şəxsi heyətdən 13 nəfər var idi.

Murad Mirzəyev, Elnur Cəfərov, Tural Qurbanov mövqeyimizə yaxın postda döyüşürdülər. Sübh çağı biz ora tərəf qayıdıb, sursat götürməyə gedəndə bizi minaatan mərmi ilə vurdular. Dalğa məni və döyüş yoldaşım Əliağa Zeynalovu daşa çırpdı, oradan sürüşüb dərəyə, dərədən isə çayın içinə düşdük.

Arxadan bizim hərbçilər badi şəklində, 15-20 metr ara məsafəsi ilə gəlirdilər. Özləri seyrək irəliləyirdilər ki, düşmən vuranda itki çox olmasın. Orada travma aldıq, bir neçə dəqiqə huşumuz özümüzdə olmadı. Oyananda gördük bizi təxliyə ediblər. Bununla belə biz özümüzə gəlib yenidən döyüşə qayıtdıq.



Digər döyüş yoldaşım Elimdar Səfərov gözümün qarşısında şəhid oldu. Mərmisi qurtramışdı, gəlib mərmini götürüb mövqeyinə qayıtdı. Üstündən bir dəqiqə keçmədi ki, onu vurdular. Qarayev Dilsuz ölümünü də kədərlə xatırlayıram. Kəndin içindən bir erməni KAMAZ avtomobili yüksək sürətlə gəlirdi. Onu pusquya salıb saxladıq. Yaxınlaşıb gördük ki, maşının içi silah-sursatla doludur. Dilsuz KAMAZ maşınını partlatmağı məsləhət gördü. Mən isə bildirdim ki, bu silahlardan istifadə edə bilərik. Elə oldu ki, düşmən hücuma keçdi, biz həmin mövqedən bir az geri çəkilməli olduq. Dilsuz ikinci dəfə də maşını partlatmağı təklif etdi, əks təqdirdə ermənilər o silahlardan bizə qarşı istifadə edəcəkdilər. Ayağa durub getməyə hazırlaşanda Dilsuzu vurdular. Mənimlə üzbəüz durmuşdu. Onları xatırlamaq çox çətindir. Hələ də yoldaşlarımın şəhid olduğu yerə gedə bilməmişəm. Qismət olsa gedəcəyəm. Torpaqlarımızın azad olunmasında Aprel şəhidlərinin payı danılmazdır”.







Şahanə Rəhimli
Azvision.az

Teqlər: Aprel-döyüşü   Qazi