Rusiyalı turistlər Türkiyədə qəzaya düşdü: 1 ölü, 26 yaralı

  10 Aprel 2021    Oxunub : 1601
Rusiyalı turistlər Türkiyədə qəzaya düşdü:  1 ölü, 26 yaralı
Türkiyədə avtobus qəzası nəticəsində bir rusiyalı turist ölüb, 26 nəfər yaralanıb.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Antalyadakı Baş konsulluğunun nümayəndəsi bildirib.

“10 aprel tarixində Konya-Aksaray avtomobil yolunda, “Peqas Tourist” turoperatoru vasitəsilə Antalyada tətildə olan 32 nəfərlik rus turisti Kapadokyaya aparan avtobusun iştirakı ilə yol qəzası baş verib.

Yerli hüquq-mühafizə orqanlarından Baş konsulluğa daxil olan ilkin məlumata görə, avtobus sürücüsü pis hava şəraiti səbəbindən buz bağlamış yolda idarəetməni itirib. Yol qəzası nəticəsində 26 rusiyalı yaralanıb. Təəssüf ki, türkiyəli səlahiyyətlilər rusiyalı turistlərdən birinin ölümünü təsdiqləyib. Yaralılar Konya və Səlcuq qəsəbələrindəki xəstəxanalara aparılıb, onlara təcili tibbi yardım göstərilib”, - konsulluğun məlumatında vurğulanıb.

Qeyd edilib ki, Rusiyanın Ankaradakı səfirliyinin iki əməkdaşı təcili olaraq zərəçəkənlərə yardım göstərmək və hadisənin şərtlərini aydınlaşdırmaq üçün hadisə yerinə gedib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya