Çaylarda gursululuq dövründə gözlənilən vəziyyət açıqlandı

Çaylarda gursululuq dövründə gözlənilən vəziyyət açıqlandı
  10 Aprel 2021    Oxunub:3352
Yaz-yay gursululuq dövrü Azərbaycanın çaylarında aprel ayının əvvəlindən başlayır və iyun ayının ortalarınadək davam edir. Qış aylarında yüksək dağlıq ərazilərdə toplanan qar ehtiyatları və yaz aylarındakı yağıntıların intensivliyi çaylarda gursululuq axımını təyin edir.
Azvision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ölkəmizdəki çayları qidalandıran qar ehtiyatlarını qiymətləndirmək məqsədilə mart ayı ərzində Böyük və Kiçik Qafqazın dağ, dağətəyi zonalarına təşkil edilən ekspedisiyalar zamanı 25 müxtəlif marşrut üzrə çay hövzələrində tədqiqat işləri aparılıb. Hər marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu müəyyən olunub.

“Nəticələrə əsasən bu il Böyük Qafqaz çaylarının hövzələrində sululuq çoxillik normanın 80-93 faizini (2020-ci ildə 69-84 faiz), Kiçik Qafqaz çaylarının hövzələrində isə normanın 68-95 faizini (2020-ci ildə 63-78 faiz) təşkil edib”.

A.Verdiyev bildirib ki, aparılan kompleks təhlillərə və meteoroloji proqnoz materiallarına əsasən bu ilin yaz-yay gursululuq (aprel-iyun) dövründə transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına axımın çoxillik normanın 52-69, Qanıx çayının Cəlayir məntəqəsindən Mingəçevir su anbarına isə normanın 68-87 faizini təşkil edəcəyi gözlənilir.

O əlavə edib ki, respublikanın yerli çayları üzrə bu ilin gursululuq dövründə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ), şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında sululuğun çoxillik normaya yaxın və bir qədər az olmaqla 80-110 faiz, Kiçik Qafqaz (Daşkəsən-Gədəbəy-Göygöl), Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normadan az 50-85 faiz olacağı gözlənilir.

“Bu il çaylarda gözlənilən sululuğun 2020-ci illə müqayisədə bir qədər yüksək olacağı proqnozlaşdırılır. Eyni zamanda, yaz-yay gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur”.

Azvision.az


Teqlər: ETSN   Çay   Gursululuq  





Xəbər lenti