“Hamilə qadınlara peyvənd vurmaq olmaz” - Baş mama-ginekoloq

 “Hamilə qadınlara peyvənd vurmaq olmaz” -  Baş mama-ginekoloq
  12 Aprel 2021    Oxunub:5713
COVID-19 hava-damcı virusu olduğundan ötən bir il ərzində risk qrupunda yer alan hamilə qadınlar da koronavirusa yoluxurdu. Lakin bu günə qədər koronavirus infeksiyasından ölən hamilə qadınlar barədə rəsmi məlumat daxil olmayıb.
Bunu Azvision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.

Həkimin sözlərinə görə, hamiləlik zamanı qadın orqanizmi ikili yüklənməyə məruz qaldığı üçün onun hər hansı virus infeksiyasını keçirməsinin öz özəllikləri var.

“Bu dövrdə xəstəliyi ağır formada keçirən hamilə qadınlar ümumiprofilli xəstəxanalara hospilitizasiya olunub. Onların müalicəsində xüsusi antiviral dərmanların istifadəsinə mütləq şəkildə ehtiyatla yanaşılmalıdır. Hər bir dərmanı hamilə qadına təyin etmək olmaz, çünki bətndəki uşaq çift vasitəsilə anadan qidalanır. Əgər qadında bakterial infeksiya əlavə olunarsa və koronavirus infeksiyası bakterial infeksiya ilə fəsadlaşarsa, o zaman hamilələrə icazə verilən antibiotiklərdən istifadə oluna bilər. Peyvəndlənməyə gəlincə, hamilə qadınlara peyvənd vurmaq olmaz. Bu, təkcə koronavirus peyvəndinə aid deyil, digər peyvəndləri də hamilə qadınlara vurmaq olmaz”.

S.Məmmədova qeyd edib ki, peyvənd vurulandan sonra 28 gündən 3 aya qədər aktiv immunitet əmələ gəlir və insanı 6 aya qədər qoruyur.

“Bu gün ölkəmizdə immunitet “CoronaVac” vaksini ilə yaradılır və inaktiv hazırlanmış peyvənd olduğu üçün qadının reproduktiv orqanlarına hər hansı mənfi təsir göstərmir. Həmin qadın vaksin vurulduqdan və qanında immunioloji vəziyyət stabilləşdikdən 3-6 ay sonra hamiləliyi planlaşdıra bilər. Bundan sonrakı dövrdə heç bir fəsada rast gəlinmir”.

S.Məmmədova pandemiya dönəmində hamilə qadınlara açıq havada olmağı, sanitar-gigiyenik normalara əməl etməyi, aktiv fiziki həyat tərzi sürməyi, bol-bol vitaminlər, meyvə-tərəvəzlərdən istifadəni tövsiyyə edir.

“Hamilə qadın marketlərə, bazarlıqlara getməyi azaltmalıdır. Yaxşı olardı ki, ailə üzvlərindən kimsə bunu etsin. Qadının gəzmək saatları elə edilməlidir ki, küçələrdə, parklarda insanlar az olan vaxta düşsün”.

Aytın Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Hamiləlik  





Xəbər lenti