“Mina məsələsi beynəlxalq hərbi tribunala daşına bilər” - Mütəxəssis

 “Mina məsələsi beynəlxalq hərbi tribunala daşına bilər” -  Mütəxəssis
  12 Aprel 2021    Oxunub:3722
“Mina xəritələrinin verilməsi prosesi yaxın zamanlarda mütləq reallaşdırılmalıdır”.

Bunu Azvision.az -a açıqlamasında “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov deyib.
Onun sözlərinə görə, bu gün Ermənistana qarşı təzyiq kimi istifadə ediləcək çox mühüm bir sənəd var. Ötən ilin noyabrın 10-da imzalanmış birgə bəyanat Ermənistanın kapitulyasiya aktı idi ki, burada da yalnız hərbi əsirlərin, cəsədlərin qaytarılması deyil, minalarla çirklənmiş torpaqların təmizlənmsi prinsipi də nəzərdə tutulub:

“Ermənistanın baş naziri, yüksək rütbəli məmurları dəfələrlə bəyan ediblər ki, Türkiyə və Azərbaycanla olan yollar açılmalı, sərhədlər bərpa edilməlidir. Əgər Ermənistan rəhbəri bunu deyirsə, deməli, razılaşmada nəzərdə tutulan prinsiplərə də əməl olunmalıdır. Amma noyabr ayından xeyli müddət keçməsinə baxmayaraq, hələ də qarşı tərəf mina xəritələrini üzə çıxarmayıb. Bu yaxınlarda Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı dünyaca məşhur change.org saytında Ermənistana qarşı petisiya ilə çıxış etdi. Bu, hələlik mina xəritəsi mövzusunda görülən işlərdən biridir”.

Yaxın aylarda xəritələrin verilmə prosesinin reallaşdırılmasını vacib sayan mütəxəssis petisiyanın problemin beynəlxalq müstəviyə aktiv şəkildə daşınmasında mühüm rol oynayacağını düşünür:

“İrəvanın və uzun illər işğalçılıq siyasəti yürütmüş erməni siyasi elitasının havadarlarının əsas məqsədi budur ki, rəsmi Bakı qarşısına qoyduğu məqsədə, quruculuq bərpa işlərinin tez bir zamanda yekunlaşmasına, məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasına gec nail olsun. Bizim isə məqsədimiz budur ki, qısa müddətdə - 3 il ərzində işğaldan azad edilmiş əksər bölgələri mina və partlamamış hərbi sursatlardan təmizləyərək bərpa işlərini yekunlaşdıraq. Qısası, hazırda xəritə məsələsi ilə bağlı süni manelər ona görə yaradılır ki, Azərbaycan müharibə sonrası bəzi proseslərdə axsasın. Amma biz döyüşlər zamanı olduğu kimi postmüharibə dövründə də düşmənin qarşısında üstün mövqedəyik.

Onsuz da Azərbaycan işğaldan azad etdiyi tarixi ərazilərini yenidən bərpa edəcək, cənab Prezidentin də dediyi kimi Qarabağa həyatı yenidən qaytaracağıq. Biz sadəcə istəyirik ki, daha insan itkisi olmasın, sonrakı mərhələdə qurulacaq kommunikasiyalardan istifadə etmək istəyən digər region ölkələri də tezliklə əraziləri təhlükəsiz hala gətirməkdə maraqlı olsunlar. Əminəm ki, petisiyaya böyük dəstək gələcək. Əlbəttə, petisiya uğurlu olsa, biz beynəlxalq təşkilatlarda mövzu ilə bağlı müzakirələr aça biləcəyik. Məsələ artıq beynəlxalq müstəviyə daşınır. Umud Mirzəyevlə Hafiz Səfixanovun müəyyən beynəlxalq təşkilatlarda nüfuzu var ki, bu amillərdən də maksimum yararlanmağa çalışacağıq. Müharibə yekunlaşmasına, kapitulyasiya aktının çoxdan imzalanmasına baxmayaraq, hələ də dinc sakinlər minaya düşür ki, bu da hərbi cinayətlərin davam etdirilməsindən xəbər verir. Çünki minalı ərazilərin xəritələri təqdim edilsəydi, indi işlər daha tez görülər, torpaqların böyük qismi çoxdan təhlükəsiz hala gətirilərdi.

Bu mənada düşünürəm ki, yaxın gələcəkdə Ermənistana qarşı ciddi təzyiq metodları tapmaq çətin olmayacaq və beynəlxalq aləmdə ciddi qınaq yaradaraq müəyyən sanksiya xarakterli addımlara nail olmaq mümkündür. Yəni bu gün sözügedən məsələni beynəlxalq məhkəmələrə, hərbi tribunala çıxarmaq haqqımız var. Həm BMT-nin nizamnaməsi, həm də beynəlxalq Haaqa Məhkəməsinin yaratdığı imkanlar bunu reallaşdırmağa şans yaradır. Qısası, aktiv şəkildə bu istiqamətdə işlər apara bilsək, mina məsələsini beynəlxalq hərbi tribunala daşımaq olar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Hərbi-tribunal   İrəvan  





Xəbər lenti