70 yaşlı vitse-spiker: “Mənim var-dövlətim övladlarım, ailəmdir” - MÜSAHİBƏ

 70 yaşlı vitse-spiker: “Mənim var-dövlətim övladlarım, ailəmdir” -  MÜSAHİBƏ
  12 Aprel 2021    Oxunub:8035
“Mən bu dünyaya gəlişimin mənasını onda gördüm”

Bu gün Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimlinin doğum günüdür. 70 yaşını qeyd edən vitse-spiker ad günü ilə bağlı təəssüratlarını Azvision.az-la bölüşüb.
- Fəzail müəllim, ömrün yeni çağına qədəm qoydunuz. Yeni yaşınız sizə hansı hissləri yaşadır?

- 70 yaş Tanrının sənə verdiyi uzun ömürdür. Amma onun dəyəri 70 il olması ilə ölçülmür. Yaşın dəyəri bu həyatı necə yaşamağınla, dəyər verməyinlə, dəyər görməyinlə qiymətləndirilir. Həyatda iki cür- qarğa kimi və ya qızılquş ömrü yaşamaq olar. Kim qızılquş ömrü yaşayırsa, şərəfli ömürdür. Qarğa kimi yaşayanların ömrü ölçülmür. Əgər sən ona dəyər verirsənsə, 70 yaş ucalıq əlamətidir. 70 yaşında yaxşı adam olanda hamı dua edir ki, “Tanrım, buna ömür ver, bir az da yaşasın”. Ev yıxan, qan salan, adam öldürən, mənfi enerji verən adamlar haqqında isə hamı deyir ki, “gorbagor ölmür ki, canımız qurtarsın”.

Mənim var-dövlətim övladlarım, ailəmdir. Bütün işlər, elmi dərəcəm, səlahiyyətim, cəmiyyətdəki mövqeyim onlardan sonra gəlir. Əgər bu gün övladlarımın başının üstündəyəmsə, onlar valideyn nəfəsi duyursa, xoşbəxtliyim bundadır.



- “70”dən geri boylansanız, həyatınızı kitab kimi vərəqləsəniz, ən çox hansı illərdə əl saxlayarsınız?

- Bunların hamısı mənim ömür, şərəf, ləyaqət tariximdir. Heç birində xüsusi dayanmazdım. Amma bir işin üstündə xüsusi dayanardım. Mənim babam sovet hökuməti dövründə repressiyaya uğrayıb. Onun evini, mülkini yandırıblar. Və o kənd 70 il xaraba qalıb. Qəbri, bağı dururdu, amma orada məskunlaşmağa icazə vermirdilər. 70 ildən sonra cənab Prezident İlham Əliyevin köməkliyi ilə mən kəndi bərpa etdim, ocağımın işığı yandı, ruhlar bura gəldi. Mən bu dünyaya gəlişimin mənasını onda gördüm. Bunun üzərində dayanmıram. Bunu ömrümün mənası sayıram.

- Sizi necə təbrik etsələr, ürəyinizə yağ-bal kimi yayılar?

- Hərə bir cür təbrik edir. Ən gözəl təbrik isə sağlam ömürdür. Məni tanıyanların nəzərində yazıq, gücsüz bir obraz olmayım.

- Nəvələriniz var ?

- 4 nəvəm var, böyük nəvəm 10 yaşındadır. Mən 60 yaşında baba olmuşam. Bu da ailə həyatımı gec qurmağımla bağlı olub. Onlar mənim varlığımdır, ruhumdur. Ümumiyyətlə, mənim var-dövlətimin siyahısını tutsan, ora üç övladımı, dörd nəvəmi yazaram.

- Nəvələr bu gün babalarını necə təbrik etdilər?

- Canlı formada axşam təbrik edəcəklər. Günorta telefonla zəng edib xoş sözlər deyiblər. Kiçik nəvəmin təbrikini eşitsəniz, sizin gözünüz sevinc yaşı ilə dolar. Deyir, “sən nə yaxşı mənim babamsan. Allah səni həmişə bizim başımızın üstündən əskik etməsin”. Çox qəribə təbrikdir. Onu şəkil ilə birgə göndərib. Bu təbriki mən ömrüm boyu saxlayacağam. Hər dəfə ona baxanda fikirləşəcəyəm ki, nə yaxşı ki, belə oldu.

- Bu gün ölkə başçısı sizi “Şöhrət” ordeni ilə təbrik etdi. Sizin üçün növbəti hədiyyə oldu.

- İlk növbədə cənab Prezident Qarabağ problemini həll etməklə hər kəsin qəlbində heykəlini ucaltdı. Millətin xilaskarı obrazını Tanrı ona bir taleh yazıb. Tarixdə çox az dövlət başçısı millətin xilaskarı kimi tarixə düşüb. Ləyaqətimizi, qürurumuzu özümüzə qaytardı. Ömrün qiyməti ona verilən dəyərdədir. Bu yaşımda dövlət başçısı tərəfindən verilən dəyər mənim ömrümü artıran məqamdır.

- 70 yaşlı adam həyatdan nə istəyər?

- İlk növbədə cansağlığı olmalıdır. Sən əgər sağlamsansa, ailən üçün vacibsən, cəmiyyət üçün yararlısan.70 yaş ömrün 70 zirvəsidir. Bu yaşda insan maddiyyat müstəvisində deyil, mənəviyyat kökündə olmalıdır. Sağlamlıq və həyat arzulamalıdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Fəzailİbrahimli  





Xəbər lenti