"Tərifdən çox tənqidləri də eşitmək istərdik" - AzTV sədri

 "Tərifdən çox tənqidləri də eşitmək istərdik" -    AzTV sədri
  12 Aprel 2021    Oxunub:2482
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanında Bədii Şuranın yeni tərkibində növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda AzTV sədri Rövşən Məmmədov iki ildən bir seçilən Bədii Şuranın işinin 3 kanalın fəaliyyətinə nəzarət etmək olduğunu qeyd edib:

"Bu gün Azərbaycan televiziyasında aparılan islahatlar müasir tələblərə cavab versə də biz üzərimizə götürdüyümüz öhdəliklərə nə dərəcədə əməl etdiyimizi kənar gözlərlə görmək istəyirik. Buna görə də ayda iki dəfə Bədii Şura üzvlərini yığmağı planlaşdırırıq. Nəzərə alsaq ki, pandemiya şəraitindəyik, hələlik ayda bir dəfə də təşkil etmək olar. Gələcəkdə iclasları videoformatda da təşkil edə bilərik. Yaxın iki il ərzində birgə fəaliyyətimiz zamanı tərifdən çox tənqidləri eşitmək istərdik".

R.Məmmədov qeyd edib ki, bu gün AzTV-də yalnız tərif eşidilmir, tənqidlər də olur: "Bəzən nazirliklərdən zəng edib, bizdən incidiklərini deyirlər. Lakin bilmək lazımdır ki, AzTV hər hansı qurumun mətbuat orqanı deyil".



Bədii Şura üzvlərini seçərkən ictimaiyyətin hörmətini qazanmış şəxslərə üstünlük verdiklərini deyən sədr yaxın gələcəkdə regionlara səfər etmək niyyətində olduqlarını vurğulayıb: "AzTV dövlətin, xalqın güzgüsüdür, onun üçün biz hər hansı addımı atarkən yüz ölçüb bir biçirik. Ümumiyyətlə, Azərbaycan xalqının gözü Azərbaycan televiziyasıdır. Mənə görə hər hansı uğurlu addım ictimaiyyətin müəyyən təbəqəsi üçün uğursuz ola bilər. Ona görə də biz Bədii Şurada yeni verilişləri də müzakirəyə çıxaracaq, o cümlədən solistləri seçərkən Şura ilə məsləhətləşəcəyik. İnanıram ki, yaxın iki ildə bizi zəngin, çox çeşidli fəaliyyət gözləyir".

R.Məmmədov qeyd edib ki, AZTV sosial şəbəkələrdə olsa da, daha geniş arealı əhatə etməyi əhəmiyyətlidir.

"Vizual olaraq efirlərimizi, sosial mediada nə qədər aktiv olmağımızı müəyyən etmək istərdik. Necə edək ki, sosial şəbəkələrdə baxış sayını artıraq. Çünki bu sahədə istənilən yerdə deyilik".

Daha sonra Bədii Şuranın üzvləri - Xalq yazıçıları Anar, Kamal Abdulla, Xalq artisti Ofeliya Sənani, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və digərləri çıxış ediblər.



Aytən Zəhra
Azvision.az


Teqlər: AzTV   Bədii-Şura  





Xəbər lenti