Aşıq Ələsgərin yubileyinə həsr olunan virtual konfrans keçirildi - FOTOLAR

Aşıq Ələsgərin yubileyinə həsr olunan virtual konfrans keçirildi -    FOTOLAR
  12 Aprel 2021    Oxunub:1967
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması zoom proqramı vasitəsi ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş virtual konfrans keçirib.
Azvision.az xəbər verir ki, tədbirə Azərbaycandan, Türkiyədən, Almaniyadan və Hollandiyadan ziyalılar, alimlər, Ələsgərsevərlər qoşulublar. Tədbiri Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli idarə edib.Əziz Ələkbərli tədbiri açdıqdan sonra Aşıq Ələsgərin 49 il əvvəl – 1972-ci ildə 150 illik yubileyi münasibətilə ustad sənətkarın doğma yurdunda – Göyçə mahalının Ağkilsə kəndində, Bakı və Moskva şəhərlərində keçirilən tədbirlər barədə videoçarx nümayiş etdirilib.



Sonra millət vəkili Azərbaycan aşıq sənətinin tarixi kökləri, Azərbaycan aşıq məktəbləri və aşıq mühitləri, o cümlədən Göyçə aşıq məktəbi və onun mühitləri barədə yığcam məlumat verib. Göyçə aşıq məktəbinin ən görkəmli nümayəndəsi kimi, Aşıq Ələsgərin Azərbaycan aşıq sənətində mövqeyi, Göyçə aşıq məktəbinin Ələsgərəqədərki və Ələsgərdən sonrakı görkəmli nümayəndələri barədə danışıb.



Əziz Ələkbərli bildirib ki, Aşıq Ələsgər sənətinə Azərbaycan elmi-ədəbi-ictimai fikri tərəfindən həmişə yüksək qiymət verilib. Lakin bu böyük sənətkara layiq olduğu ən yüksək qiyməti Ulu Öndər Heydər Əliyev verib. Məhz Ulu Öndərin siyasi iradəsi ilə 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi Göyçədə, Bakıda və Moskvada yüksək səviyyədə qeyd olunub. Həmin dövrdə bu, böyük cəsarət tələb edirdi, əslində, bu, Ermənistanda ermənilərin gözünün içinə baxaraq, “bura bizim dədə-baba yurdumuzdur, bu yurdun yetirdiyi tarixi şəxsiyyətlər bizim xalqın nümayəndələridir, siz ermənilər isə bu yerlərə gəlməsiniz” demək idi. 1990-cı illərdə Aşıq Ələsgərin 175 illik yubileyi də Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə dövlət səviyyəsində qeyd olundu.



Azərbaycan aşıq sənətinə ən böyük qədirşünaslıq nümunələrindən birini də 2009-cu ildə Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyeva göstərdi. Onun böyük zəhməti sayəsində həmin il Azərbaycan aşıq sənəti YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Daha sonra millət vəkili cənab Prezident İlham Əliyevin də bu il fevralın 18-də imzaladığı “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncama diqqət çəkdi və bunu Ulu Öndərin Aşıq Ələsgər yaradıcılığına həssas münasibətinin davamı kimi dəyərləndirdi. “Bu Sərəncam indiki dövrdə – 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra həm də mühüm siyasi əhəmiyyətə malikdir. Çünki Aşıq Ələsgər təkcə aşıq sənətimizin zirvəsi deyil, həm də düşmən tapdağı altında qalan tarixi torpaqlarımızın, bu torpaqların bir parçası olan ulu Göyçəmizin rəmzidir. Bu Sərəncam Qarabağdan Göyçəyə, Qarabağdan Zəngəzura uzanan bir yoldur, gələcək qayıdışların təməlidir” – deyə Ə.Ələkbərli bildirdi.



Daha sonra Dədə Ələsgər ocağının nümayəndəsi, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgər, millət vəkilləri Məlahət İbrahimqızı, Naqif Həmzəyev çıxış edərək Göyçə mühitindən, Göyçə ilə bağlı xatirələrindən, Dədə Ələsgər sənətinin böyüklüyündən, Prezident İlham Əliyevin aşığın 200 illik yubileyinin keçirilməsi barədə Sərəncamının əhəmiyyətindən danışdılar. Tədbirdə Almaniyada yaşayan araşdırmaçı-yazar, Asıq Ələsgər yaradıcılığının tədqiqatçısı və naşiri Nizaməddin Onk, Qərbi Azərbaycan İcmasının Türkiyə-İzmir təmsilçisi Murtaza Qaraçanta, Qərbi Azərbaycan İcmasının Türkiyə-Ankara təmsilçisi dosent, doktor Dərya Akdemir, Türkiyənin İzmir şəhərində Çağdaş Azərbaycan Kültür Dərnəyinin başqanı Cemal Məhəmmədhanoğlu çıxış edərək Aşıq Ələsgərlə bağlı öz düşüncələrini bölüşdülər.



Əməkdar jurnalist, Teleradio Şurasının üzvü Telli Pənahqızı Aşıq Ələsgərin təblığı ilə bağlı mülahizə və təkliflərini bildirdi. Azərbaycan Respublikası Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova erməni vandalları tərəfindən Aşıq Ələsgərin qəbirüstü abidəsinin dağıdılması ilə əlaqədar tədbir adından müvafiq etiraz Bəyanatı qəbul edilməsini təklif etdi. Filologiya elmləri doktoru, professor Aslan Bayramov, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, tədqiqatçı-publisist Hacı Loğman, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Aşıq Ələsgər yaradıcılığının bədii-estetik xüsusiyyətləri, fəlsəfi mahiyyəti barədə maraqlı elmi məruzələrlə çıxış etdilər.



Beynəlxalq müsabiqələr laureatı, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, peşəkar aşıq-ifaçı Nemət Qasımov Aşıq Ələsgərin yaradıcılığında ustad dərsləri barədə məruzə ilə çıxış etdi və sonda saz ifası ilə tədbirə rəng qatdı. Şairə, “Aşıq Pəri” məclisinin rəhbəri Pərvanə Mustafayevanın ifasında Aşıq Ələsgər şeirləri və ADMİU-nun tələbəsi Ayşə Səyyad qızının saz ifasında “Sarıtel” havası dinlənildi. Tədbirin sonunda tədbir iştirakçıları adından Aşıq Ələsgərin qəbirüstü abidəsinin ermənilər tərəfindən dağıdılması ilə bağlı etiraz Bəyanatının qəbul edilməsi qərara alındı.

Azvision.az


Teqlər: AşıqƏləsgər  





Xəbər lenti