İtaliya Senatının nümayəndə heyəti Milli Məclisdə olub

İtaliya Senatının nümayəndə heyəti Milli Məclisdə olub
  12 Aprel 2021    Oxunub:1124
Aprelin 12-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, görüşdə Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli ölkələrimiz arasındakı dostluq və əməkdaşlıqdan söz açıb. Azərbaycan-İtaliya tərəfdaşlığının inkişafında hər iki ölkənin dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm rolundan danışıb, sənədlərin imzalandığını qeyd edib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən danışan Azər Kərimli qeyd edib ki, hazırda ölkəmiz üçün ən prioritet məsələ işğaldan azad olunmuş torpaqlarımızın bərpasıdır. Bu prosesdə İtaliyanın da iştirak edir.

Sonra nümayəndə heyətinin başçısı, İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli deputat olduğu dövrdə Azərbaycana dördüncü dəfə səfər etdiyini bildirib və hazırkı səfərin məramını açıqlayıb. O, əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduqlarını deyib.

Görüşdə İtaliyanın Matera şəhərinin meri Domeniko Bennardi vurğulayıb ki, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən turizm, ticarət, incəsənət, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlıq üçün böyük imkanlar var.

İtaliyanın Matera Şəhər Şurasının sədri Antonio Materdomini qeyd edib ki, biz əməkdaşlıq sahəsində yeni bir yolun başlanğıcındayıq, Matera ilə Bakı arasında əlaqələrin müsbət müstəvidə inkişaf edəcəyinə əminik.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, həmin komitənin və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevil Mikayılova və Ramin Məmmədov ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdiyini vurğulayıb, münasibətlərin inkişaf perspektivlərindən və əməkdaşlıq imkanlarından danışıblar.

Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti