Prezident: “Özləri də etiraf etmişdilər ki, xəyanətin içindədirlər”

      Prezident:    “Özləri də etiraf etmişdilər ki, xəyanətin içindədirlər”
  12 Aprel 2021    Oxunub:1862
Məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışından sonra hərbi qulluqçularla görüşündə bildirib.

Gürcüstanın Baş naziri: Azərbaycanla bizi tarixi dostluq bağları birləşdirir
Ondan sonra nələr baş verdi? Ondan sonra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu videomateriallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədirlər. Ordunu gücləndirmək, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər. Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına. Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər”, -deyə dövlətimizin başçısı qeyd edib.

O vaxt baş vermiş bu və digər xəyanətləri xatırladan Prezident deyib: “1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verdilər. Ondan sonra təşvişə düşdülər, qorxuya düşdülər, depressiyaya düşdülər. Bu günə qədər də bu depressiyadan çıxa bilmirlər. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Onların dar ağacı hazır idi. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər. Ona görə, mən deyəndə ki, bunlar xəyanətkardırlar, satqındırlar, düşməndirlər, bax, buna əsaslanaraq deyirəm. Tarixi faktlara əsaslanaraq deyirəm. Onların mənfur xisləti bu gün də özünü büruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da altdan-altdan bizim ordumuza şər ataraq, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti