“Bilirdik ki, şəhid olsaq, intiqamımız alınacaq” - Vətən müharibəsi qəhrəmanı

   “Bilirdik ki, şəhid olsaq, intiqamımız alınacaq” -    Vətən müharibəsi qəhrəmanı
  13 Aprel 2021    Oxunub:3253
Bu gün mən və döyüşçü yoldaşlarım həyatımızın ən xoşbəxt, qürurlu anlarını yaşayırıq. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi rəşadətli, qalib Azərbaycan Ordusunun əsgəri, zabiti olmaq həqiqətən də qürurvericidir. “Dəmir yumruq” əməliyyat ilə başlayan Vətən müharibəsində biz qalib gəldik. Bu Qələbə dövlətimizin və ordumuzun qələbəsidir. Bu Qələbə xalqımızın birliyinin, vətənpərvərliyinin, həmrəyliyinin qələbəsidir. Bu Qələbə, cənab Prezident, şəxsən Sizin, Müzəffər Ali Baş Komandanımızın qələbəsidir.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin hərbi qulluqçularla görüşündə Vətən müharibəsi qəhrəmanı mayor Gündüz Səfərli söyləyib.

Gündüz Səfərli Ali Baş Komandan İlham Əliyevə müraciətlə deyib: “Biz döyüşlərə qələbə əzmi, böyük ruh yüksəkliyi ilə gedirdik. Yaxşı bilirdik ki, böyük Zəfər hər birimizin iradəsindən, şücaətindən, qəhrəmanlığından çox asılıdır. Bizi döyüşdən-döyüşə aparan Heydər Əliyev ənənələrinə sadiqliyimiz, Müzəffər Ali Baş Komandanın qətiyyəti, mübarizliyi, Vətənimizə olan böyük sevgimiz ümumxalq şüarına çevrilmiş “Qarabağ Azərbaycandır!” sözləri və arxamızda dağ kimi dayanmış qədirbilən xalqımızın birliyidir. Yaxşı bilirdik ki, döyüşlərdə şəhid olsaq, intiqamımız alınacaq, qanımız yerdə qalmayacaq, ailələrimiz dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaq. Bu diqqət və qayğıya görə bir daha Sizə minnətdarıq, cənab Prezident”.

Mayor deyib ki, yüksək fəxri ada – Vətən müharibəsi qəhrəmanı adına layiq görülməsi böyük etimad, eləcə də böyük məsuliyyətdir: “Bir daha qarşınızda söz verib, and içirəm ki, indən sonra da ulu öndər Heydər Əliyevin ənənələrinə sadiq olacaq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətənimə, dövlətimə, xalqıma sədaqətlə xidmət edəcəyəm”.

Azvision.az



Teqlər: Vətənmüharibəsiqəhrəmanı  





Xəbər lenti