ANAMA rəsmisi: “Ermənilər məzarlıqlarda tələ minalar basdırıb” - VİDEO

  ANAMA rəsmisi:  “Ermənilər məzarlıqlarda tələ minalar basdırıb” -  VİDEO
  13 Aprel 2021    Oxunub:11159
Düşmən işğaldan azad olunan əraziləri tərk edərkən standartlara uyğun olmayan minalanma həyata keçirib. Səngərlərin əsasən künc yerlərində, torpaq tökülən hissəsində minalar basdırılıb. Torpaq qatı müəyyən sədd yaratdığına görə, mina detektorları həmin minaları tapmaqda çətinlik çəkir. Lakin insan ayağını əraziyə qoyarkən boş torpağa müəyyən qədər təmas olur və nəticədə partlayış baş verir.
Bu barədə Azvision.az-a müsahibəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Əməliyyat İdarəsinin tədqiqat və təmizləmə şöbəsinin müdiri İdris İsmayılov deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə tank əleyhinə minaların alt hissəsinə, yaxud yaxınlığına piyada əleyhinə minalar yerləşdirilib. Bundan əlavə, üçlü, beşli minaların sıx şəkildə basdırılmasına rast gəlinir ki, bu da düşmənin hiyləgərliyindən xəbər verir.

"Tələ minalar xüsusən məzarlıqlara və yaşayış evlərinə, həmin yerlərin yaxınlığına basdırılıb. Biz qəbiristanlıqların yaxınlığında mina fraqmentlərinə tez-tez rast gəldik. Düşmən çox gözəl bilir ki, 30 il ərzində yaxınlarının məzarlarından uzaqda qalmış şəxslər ilk olaraq doğmalarının məzarlarını ziyarət etmək istəyəcək. Bu səbəbdən düşmən məqsədyönlü şəkildə məzarları minalayıb. Misal olaraq deyim ki, mart ayının sonlarında altı nəfərdən ibarət Ağdam sakini işğaldan azad olunmuş əraziyə, öz ata-babalarının məzarlarını ziyarət etməyə getmişdi. Nəticədə bir ailənin dörd üzvü minaya düşdü. İki nəfər hadisə yerində həlak oldu, üç nəfər xəsarətlər aldı. Ümumiyyətlə, düşmənin birinci Qarabağ müharibəsindən sonra Tərtər və Tovuz istiqamətində əldəqayırma partlayıcıları çaylar vasitəsilə ərazilərimizə keçirdiyini müşahidə etmişdik. Yerli sakinlərə şübhəli əşyalara toxunmamaları ilə bağlı xəbərdarlıqlar edirdik. Bu gün də biz düşmənin hiyləgərliyinin şahidi oluruq.

Son vaxtlar işğaldan azad olunan ərazilərimizdə bədbəxt hadisələr yaşandı. Nəticədə 15-ə yaxın ölüm hadisəsi qeydə alındı. Bu səbəbdən ərazilərin minalardan təmizlənməsini gözləmək lazımdır", - deyə ANAMA rəsmisi vurğulayıb.

Müsahibənin tam versiyası ilə təqdim etdiyimiz videodan tanış ola bilərsiniz:



Bəxtiyar Məmmədov
Video: Əhməd Xəlilov

Azvision.az


Teqlər: ANAMA   Mina  





Xəbər lenti