“Azərbaycanda xidmət etməkdən şərəf duydum” - Dan İanku

 “Azərbaycanda xidmət etməkdən şərəf duydum” -  Dan İanku
  14 Aprel 2021    Oxunub:1611
Dörd il yarımdan sonra Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri missiyam başa çatır.
Azvision.az xəbər verir ki, bu barədə Rumınıyanın Azərbaycanda səlahiyyət müddəti başa çatmış səfiri Dan İanku bildirib.

“Bakıya gəldiyim anı hələ də çox gözəl xatırlayıram - şəhərə yaxınlaşarkən, Ələtdən gələn magistral yolda nəqliyyatın hərəkəti getdikcə daha da canlandı, lakin şəhər hələ də əlçatmaz idi. Birdən, döngədən sonra əzəmətli Bibiheybət məscidi qarşımızda dayandı, daha sonra yenə də gözlənilmədən geniş Bakı Buxtası və şəhərin özü, eləcə də şəhərin sentyabr ayının bir qürub çağında parlayan zərif üfüqləri qarşımızda canlandı. İndi bilirəm ki, Bakını anarkən, hər zaman o təzə, həyəcanverici, ilk duyğuları xatırlayacağam.

O vaxtdan bu yana dörd ildən çox vaxt keçib və bu müddət ərzində Azərbaycanda əhəmiyyətli həyat təcrübələri toplamışam. Bu illərin hər biri ölkənin sürətli inkişaf tempinə şahidlik edən mühüm və əlamətdar illər olub – Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, 10 milyonuncu Azərbaycan vətəndaşının anadan olması, Cənub Qaz Dəhlizinin təntənəli açılışı, eləcə də şərəfli və tarixi 2020-ci il”, - İanku bildirib.

Diplomat əlavə edib ki, bu illər boyunca Rumıniya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq möhkəmlənib və xalqlarımızın ostluq əlaqələri daha da dərinləşib.

“Bakını hər zaman ağlımda və ürəyimdə daşıyacağım ən xoş və səmimi xatirələrlə tərk edirəm. Azərbaycanda olduğum müddət ərzində zəngin tarixə və mədəniyyətə, qədim və gözəl ənənələrə sahib, gələcəyə inamla baxan, müasir dünyagörüşlü füsunkar bir ölkəni kəşf etdim. Xüsusilə, heyrətamiz Azərbaycan xalqını – səmimi, qonaqpərvər, mehriban, həmişə kömək etməyə hazır olan insanları kəşf etdim. Azərbaycanda xidmət etməkdən həqiqətən də şərəf duydum”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rumıniya  





Xəbər lenti