Hərbi qənimətlərdən hazırlanan müharibə muzeyləri - FOTOLAR

 Hərbi qənimətlərdən hazırlanan müharibə muzeyləri -  FOTOLAR
  14 Aprel 2021    Oxunub:12769
Bakıda Hərbi Qənimətlər Parkının açılması tarixi hadisədir. İndiyədək ölkəmizdə belə bir park olmamışdı. İkinci Qarabağ Müharibəsində xalqımızın əldə etdiyi möhtəşəm qələbədən sonra ölkə başçısı təşəbbüs irəli sürdü ki, işğalçı ordudan əldə edilmiş hərbi qənimətlərdən ibarət xüsusi muzey-park yaradılsın. Çox keçmədi ki, Hərbi Qənimətlər Parkının yaradılma təşəbbüsü reallığa çevrildi.


Bakıda açıq səma altında qurulmuş nadir və qürurverici Hərbi Qənimətlər Parkında ermənilərin yalnız darmadağın edilmiş texnikaları nümayiş etdirilmir. Düşmən əsgərlərinin döyüşlərin qızğın çağında qoyub qaçdıqları silah-sursatların nümunələri və geyimlər-dəbilqələr də parkı "bəzəyir".



Ordumuzun qüdrətini göstərən Parkın açılışı zamanı Ali Baş Komandan İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, erməni ordusunda on min fərari olub. Onlar da yalnız silah-sursatları deyil, dəbilqələri də ataraq döyüş meydanında qaçıblar.

Hazırda hərbi muzeyə çevrilmiş qənimətlər parkında nümayiş etdirilən silah nümunələri, məhv edilmiş, yaxud salamat ələ keçən texnikalarla yanaşı, fərari erməni əsgərlərin qoyub qaçdıqları hərbi geyimlərinin də təqdimatı Ordumuzun gücünü bütün dünyaya göstərir. Parkda nümayiş olunan eksponatlar gələcək nəsillər üçün tarixin susmuş həqiqətlərini dilə gətirir.



Bakının mərkəzində yaradılan bu tarixi məkan bir sıra maraqlı nüanslarla diqqət çəkir. Buna misal olaraq oturacaqların mərmi yeşiklərindən, işıq dirəklərinin mərmi gilizlərindən, zibil qutularının isə artilleriya gilizlərindən hazırlanmasını qeyd etmək olar. Bu elementlər vaxtilə Ermənistan ordusuna məxsus olub, işğalçı ölkənin hərbçiləri həmin silah-sursatlardan dinc sakinlərə qarşı istifadə ediblər.

Dünyada müharibə muzeyləri necədir?

Dünya praktikasına nəzər salsaq görərik ki, bu günə qədər müxtəlif ölkələrdə onlarla hərbi muzey, qənimətlərdən qurulmuş turistik parklar mövcuddur. Həmin muzey və parklarda bir çox diqqət çəkən eksponatlar nümayiş etdirilir. Hansılar ki, müharibə cinayətlərinin, insanlıq əleyhinə törədilmiş faciələr, faşizm, nasizm nümunələri və işğalçı orduların qalıqlarından ibarətdir.



Digər ölkələrdən fərqli olaraq Ermənistanın müharibə nümunəsi anormallığı ilə seçilir. Belə ki, birinci Qarabağ müharibəsində İrəvan azərbaycanlılara göz dağı olsun deyə, ordunun mülki şəxslərdən əldə etdiyi şəxsi avtomobillərin nömrələrindən ibarət xüsusi lövhə hazırlamışdı. Ermənilər uzun illər turistlərə azərbaycanlılara məxsus avtomobil nömrələrindən ibarət lövhəni nümayiş etdirirdilər. Həmin nömrələr ictimai yerlərdə, hətta erməni xislətinə uyğun şəkildə ictimai ayaqyolu divarlarında belə istifadə edilib. Amma bu etnik təmizləmə siyasətini əks etdirən qeyri-insani addım beynəlxalq aləmdə ciddi qınaqla üzləşmədi. Əksinə ermənilərin murdar əməllərinin üstündən sükutla keçildi.



Ümumiyyətlə, dünyada bir sıra müharibənin nəticələrini əks etdirən maraqlı muzeylər mövcuddur ki, burada yalnız formal maketlər deyil, müharibə qənimətləri, düşmən əsgərinin istifadə etdiyi silah-sursatlar və digər komponentlər nümayiş etdirilir.

Məsələn, Rusiyada, Belarusda belə muzeylərə rast gəlmək olar. Xüsusən İkinci Dünya Müharibəsi zamanı faşistlərin SSRİ-yə hücumundan sonra ələ keçirilmiş qənimətlər və alman əsgərlərinə aid hərbi avadanlıq, şəxsi əşyalar muzeylərin əsas eksponatları sırasında yer alır.

Bunlardan biri də Brest muzeyidir. Muzeyin ikinci zalında Brestin müdafiəsini əks etdirən fərqli eksponantlar toplanıb. Sovet əsgərlərini xatırladan köhnə silahlar, Hitler ordusunun çayı keçərkən istifadə etdiyi alman qayıqları və bu kimi digər müharibə nümunələri ziyarətçilərə göstərilir.



Minsk şəhərində yaradılmış Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyində də paytaxt ətrafında gedən döyüşləri xatırladan xeyli eksponat saxlanılır. Muzey Böyük Vətən Müharibəsində qələbə uğrunda canlarından keçmiş insanların xatirəsinə yaradılıb. Burada alman tanklarından tutmuş, döyüşlər sonrası meydanda qalan silahlar, nasistlərin Belarus ərazisində yaratdıqları ölüm düşərgələrinə qədər onlarla hərbi nümunələri görmək olar. Muzeyi ziyarət edərkən, sanki İkinci Dünya müharibəsi illərinə qayıdırsan. Haqqında danışdığımız muzey 1944-cü il oktyabrın 22-də Minskdəki Azadlıq meydanında, müharibə illərində ziyan görməmiş Həmkarlar Evində fəaliyyətə başlayıb.



Bütün bunlara rəğmən, müharibələrə aid bəzi xoşagəlməz eksponatlar da olub ki, dünya uzun müddət bu cür məsələləri müzakirə mövzusuna çevirməyib. Götürək Ermənistanın "sevimli dostu" Fransanı... Belə ki, Fransanın paytaxtı Parisdəki muzeylərdə əlcəzairli partizanların kəllələri hərbi qənimətlər kimi nümayiş etidirilib. Bir neçə il əvvəl Əlcəzair Fransaya muzeydə sərgilənən kəllələri və milli arxivin qaytarılması üçün müraciət etmişdi. Düz iki əsr Parisin İnsan Muzeyində nümayiş olunan hərbçi kəllələri müharibələr tarixini əks etdirən ən utancverici eksponat sayılırdı.

Xatırladaq ki, həmin dövrdə Parisin İnsan Muzeyində 18 min kəllə sümüyündən 500-nün kimliyinin müəyyən edildiyi bildirilirdi. Bu kəllə sümüklərindən 37-nin XIX əsrdə Əlcəzairi işğal edən Fransa əsgərləri tərəfindən öldürüldükdən sonra başları kəsilən əcəzairli müqavimət liderlərinə aid olduğu açıqlanmışdı.



Əlcəzair müqavimətçilərinin başları illər sonra 2020-ci ildə ölkəyə geri qaytarıldı. Fransanın istila dövründə törətdiyi bəşəri cinayətlər zamanı həyatlarına son qoyulan əlcəzairlilərin nəşləri və başların Parisdəki muzeylərdə fransız ordusunun əməllərinin nəticəsi kimi nümayiş olunması hələ də ciddi qınağa tuş gəlməyib.

Məlumat üçün bildirək ki, Əlcəzair müqavimətçilərinin cənazələrini paytaxt aeroportunda ölkə prezidenti Əbdülməcid Təbbunun rəhbərliyi ilə hökumət rəsmiləri qarşılamışdılar.



Avropa və Afrikada olduğu kimi Asiyada da müharibənin izləri muzeylər vasitəsilə qorunub saxlanılır. Bu mənada Vyetnamın Hoşimin şəhərində müharibə sonrası yaradılmış böyük hərbi muzey diqqət çəkir. Burada ABŞ ordusunun törətdiyi hərbi cinayətləri əks etdirən xeyli sayda eksponatlar var.

Muzey 1975-ci ilin sentyabrında açılıb, 1993-cü ildə adı dəyişdirilərək "Amerika Hərbi Cinayətlər Muzeyi" olub. Burada hərbi qənimət kimi helikopterdən tutmuş, qırıcı, tank, buldozer, hərbi qayıq və bombalara da rast gəlmək mümkündür. Sərgi nümunələri arasında açıq səmada nümayiş etdirilən hərbi texnikalarla yanaşı, ABŞ əsgərlərinin maketləri də maraq doğurur.

Bundan başqa, vyetnamlılar döyüşlərdə istifadə edilmiş bombaların qalıqlarını, hətta partlamamış bir bombanı da muzeydə sərgiləyirlər. Asiyalılar eyni zamanda gələcək nəsillər üçün amerikalıların döyüşlərdə istifadə etdiyi kimyəvi silahların fəsadlarını əks etdirən tarixi fotoları da nümayiş etdirirlər.



Vyetnama qoşun yeritmiş ABŞ da hərbi muzeylər mövzusunda özünəməxsus təcrübəyə malikdir. Təkcə bir faktı deyək ki, Luiziana ştatının Yeni Orlean şəhərində ABŞ-ın ən böyük müharibə muzeyi yerləşir. Muzey 2-ci Dünya Müharibəsinə həsr edilib. Maraqlısı budur ki, amerikalılar muzeyi 2006-cı ildə inşa ediblər. Bu nəhəng hərbi muzeydə müharibəyə aid 250 min artefakt sərgilənir.

Bu gün dünyanın dörd bir yanında müharibə cinayətləri, işğalçı orduların məğlubiyyətlərini əks etdirən onlarla muzey və qənimətlər parkı mövcuddur ki, Bakıda salınan Hərbi Qənimətlər Parkı bunların ən uğurlu və maraqlı nümunəsi hesab oluna bilər.











Tural Tağıyev
Azvision.az


Teqlər: Muzey   Hərbi-qənimətlər  





Xəbər lenti