“Yəhudi təşkilatları Azərbaycana iftira atanlara qarşı mübarizə aparır”

  15 Aprel 2021    Oxunub : 2839
“Yəhudi təşkilatları Azərbaycana iftira atanlara qarşı mübarizə aparır”
“Yəhudi təşkilatları Azərbaycan haqqında yalan və iftira yayan qüvvələrə qarşı mübarizə aparır”
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Asim Mollazadə deyib. Deputat əvvəlcə İsrail dövlətinin yaranmasının 73 illiyi münasibəti ilə yəhudi xalqını təbrik edib:

“Mən İsrail xalqını böyük bayram münasibəti ilə təbrik edirəm. İsrail Azərbaycanın çox mühüm tərəfdaşıdır. Ölkələrimiz arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. Bununla yanaşı, Azərbaycan və yəhudi xalqının min illik birgə yaşama ənənələri var. Azərbaycanda yaşayan yəhudilər azərbaycanlılarla birgə bütün problemlərin həllində həmişə iştirak ediblər. Qələbəmizə töhfə verilməsi onunla bağlıdır ki, İsrail Azərbaycanın müstəqilliyinin güclənməsində maraqlıdır. Bizim əməkdaşlığımız bölgədə sülhün, əmin-amanlığın yaradılmasına əsaslanıb.

Yəhudi xalq yalnız müharibə dövründə deyil, müharibədən sonra da bizə yardım əlini uzatdı. İsrail həkimləri qazilərimizə öz dəstəyini verdi. Bu yenə də bizim xalqlarımızın böyük tarixi qardaşlığının rəmzidir. Mən əminəm ki, dostluğumuz davamlı olacaq. Biz hər zaman sülh və əmin-amanlıq çərçivəsində birgə çalışacağıq”.

A.Mollazadə bildirib ki, dünyanın bir sıra yəhudi icmasının nümayəndələri Azərbaycanla əlaqələri inkişaf etdirirlər:

“Bu, özlüyündə onların Azərbaycana yaxın xalq, dövlət kimi münasibətlərini göstərir. Bunun da böyük əhəmiyyəti var. Azərbaycan haqqında yalan və iftira yayan qüvvələrə qarşı bütün dünyada fəaliyyət göstərən yəhudi təşkilatlarından dəstək görürük. Belə addımlar çox önəmlidir. Çünki onlar Azərbaycanı yaxşı tanıdığına və tarixi münasibətlərimiz olduğuna görə ölkəmizə qarşı yönələn haqsızlıqla mübarizə aparırlar”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İsrail   Türkiyə