Yeniyetmələr bu səbəbdən intihar edir

 Yeniyetmələr bu səbəbdən intihar edir
  15 Aprel 2021    Oxunub:2945
Yeniyetməlik elə bir dövrdür ki, valideynlərin uşaqlarla dost olması, onları dinləməsi vacibdir.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib. Onun sözlərinə görə, səhv və ya düzgün addım atmalarından asılı olmayaraq, yeniyetmələrə dəstək göstərilməlidir. Onların buna ehtiyacı var.

“Bu olmadığı təqdirdə gələcəkdə fəsadlar yarana bilər. Son zamanlar intiharların sayı artıb. Bunun bir səbəbi odur ki, onları evdə dinləmirlər, anlamırlar. Bizim üçün əhəmiyyətsiz olan şey onlar üçün əhəmiyyətli ola bilər. Bu səbəbdən nə qədər xırda detal olsa belə övladlarımızı dinləmək lazımdır”.

A.Zeynalovanın sözlərinə görə, bəzən valideynlər məişət qayğıları ilə məşğul olduğundan və ya evə yorğun gəldiyindən övladlarından məktəbdə nə baş verdiyini soruşmağı unudurlar:

“Qaçaqaç dönəmində, internet əsrində valideynlərin başı iqtisadi məsələlərə qarışdığı üçün uşaqlarla o qədər də maraqlanmırlar. Uşağı sorğu-sual etməyi, günün necə keçdiyini soruşmağı unudurlar”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yeniyetmə   İntihar  





Xəbər lenti