Hansı halda maşında maska taxmaq məcburidir?

   Hansı halda maşında maska taxmaq məcburidir?
  15 Aprel 2021    Oxunub:2737
Daxili İşlər Nazirliyi xüsusi karantin rejimi dövründə şəxsi nəqliyyat vasitəsində tibbi maskadan istifadə etməklə bağlı məsələyə aydınlıq gətirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, əgər sürücü nəqliyyat vasitəsində təkdirsə və ya eyni ünvanda yaşadığı ailə üzvləri ilə birlikdədirsə, tibbi maskadan istifadə edilməyə bilər.

“Avtomobildə digər şəxslər olduqda, sürücü və bütün sərnişinlərin tibbi maskadan istifadəsi məcburidir”, -deyə məlumatda bildirilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Azvision.az


Teqlər: DİN   Maska  





Xəbər lenti