“BakuBus” Müşahidə Şurasının ilk iclası keçirilib

“BakuBus” Müşahidə Şurasının ilk iclası keçirilib
  15 Aprel 2021    Oxunub:2582
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılmış “BakuBus” MMC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.
Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən Azvision.az -a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “BakuBus” MMC-nin və Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbər şəxsləri iştirak ediblər.

İlk olaraq “BakuBus” MMC-nin Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Müşahidə Şurasının sədri Elnur Əliyev iclasda vurğulayıb ki, son on ildə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar, eyni zamanda, yüksək keyfiyyətli ictimai nəqliyyat xidmətinin təşkilinə zərurət yaradıb. “BakuBus” MMC də vətəndaşlarımız üçün uzun müddətli inkişaf perspektivi vəd edən etibarlı, təhlükəsiz və rahat avtobus nəqliyyat xidməti göstərməyi üzərinə öhdəlik kimi götürən vacib nəqliyyat qurumlarından biridir.

“BakuBus” MMC-nin fəaliyyətinin sərnişindaşıma bazarında qabaqcıl təcrübə və ənənələrin formalaşdırılmasına xidmət etdiyini vurğulayan Müşahidə Şurasının sədri Elnur Əliyev Şuranın yaradılmasını müəssisənin daha da inkişafına təkan verəcək bir addım kimi qiymətləndirib.

Müşahidə Şurasının sədri “BakuBus” MMC-ni səciyyələndirən əsas xüsusiyyətlərdən birinin şirkətin fəaliyyətində kommersiya elementi ilə yanaşı, sosial elementin də mövcudluğunu və bu iki elementin uzlaşdırılmasının qarşıda duran əsas məqsədlərdən biri olduğunu qeyd edib.

Müşahidə Şurasının sədri, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının yeni islahatlar mərhələsinə qədəm qoyduğunu xatırladaraq bildirib ki, yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas prioritet məsələdir. O əlavə edib ki, “BakuBus” MMC-nin fəaliyyətinin təkmilləşdirilməsi və daha da inkişafına yönəldilmiş addımların atılması Müşahidə Şurasının əsas vəzifəsidir.

Daha sonra BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli “BakuBus”ın fəaliyyəti, eləcə də, ölkədə sərnişindaşıma fəaliyyətinin vəziyyəti və növbəti çağırışları barədə iclas iştirakçılarına məlumat verib. “BakuBus” MMC-nin direktoru Tural Mahmudov şirkətin fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxış edib. İclasda, eyni zamanda, “BakuBus” MMC-nin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini Zaur Qurbanovun təqdimatı dinlənilib, Azərbaycan Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

Azvision.az


Teqlər: “BakuBus”  





Xəbər lenti