Myanmada 23 mindən çox məhbus azad edilib

  17 Aprel 2021    Oxunub : 1867
Myanmada 23 mindən çox məhbus azad edilib
Myanmanın hərbi hakimiyyəti əcnəbilər də daxil olmaqla, 23 mindən çox məhbusu azad edib.
Azvision.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 23 047 Myanma vətəndaşı və 137 xarici məhkumun cəzası ləğv edilib. Bu qərar səlahiyyətlilər tərəfindən ənənəvi Yeni il münasibətilə və Myanmanın digər ölkələrlə əlaqələri nəzərə alınaraq verilib. Bəzilərinin ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz edilib, uzun müddətli həbs cəzaları azaldılıb.

Azad edilənlər arasında hərbi çevrilişlə əlaqədar etiraz edənlərin və həmin hadisələri işıqlandıran jurnalistlərin olub-olmadığı məlum deyil.

Fevraldakı çevrilişdən bir müddət sonra Myanma rəhbərliyi təxminən eyni sayda – 23,3 mindən çox məhbus azadlığa buraxıb.

Myanma silahlı qüvvələri 1 fevralda ölkədə mülki hökuməti devirib, hakimiyyəti ələ aldı. Onlar bunu 2020-ci il seçkilərinin nəticələrinin kütləvi şəkildə saxtalaşdırılması və aidiyyatlı orqanların bu məsələni araşdırmaq istəməməsi ilə əlaqələndirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Myanma   Məhbus   Azadlıq