“Dozalar arasındakı müddətdə yoluxma riski yüksəkdir” - Həkim

“Dozalar arasındakı müddətdə yoluxma riski yüksəkdir” -  Həkim
  20 Aprel 2021    Oxunub:1358
Hazırda ölkəmizdə COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir. Birinci dozanı alan insanlar arasında COVID-19 xəstəliyinə yoluxanlar da var. Nəzərə almaq lazımdır ki, peyvəndin ilk dozasını qəbul edəndən sonra orqanizmdə virusa qarşı müdafiə dərhal yaranmır. Koronavirusa qarşı vaksinlərin hamısı bir neçə həftə fasilə verməklə, iki dozada qəbul edilməsini tələb edir. Dozalar arasındakı müddətdə yoluxma riski hələ yüksək olaraq qalır. İlk dozanı qəbul etdikdən yalnız 2 həftə sonra siz müdafiə olunmağa başlayırsınız. Peyvənddən maksimal effekt isə ikinci dozadan sonra meydana gəlir.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva “Peyvəndin birinci dozasından sonra COVID-19 xəstəliyindən necə qorunmaq lazımdır?” sualını cavablandırarkən deyib. O bildirib ki, insan orqanizminə immuniteti formalaşdırmaq üçün müəyyən qədər vaxt lazım olduğundan, bu dövrdə koronavirusa qarşı təhlükəsizlik qaydalarına tam və ciddi surətdə riayət etmək mütləqdir:

"İlkin dozadan sonra koronavirusa yoluxduğunuza şübhələnirsinizsə, mütləq COVID-19 testindən keçin. Bəzən peyvənddən sonra insanlarda yorğunluq və qızdırma kimi əlamətlər olur, bunlar COVID-19-un əlamətlərinə oxşar olduğu üçün yalnız test sizə düzgün nəticəni verəcək.

Əgər testin cavabı pozitiv çıxarsa, deməli, siz peyvəndin birinci dozasından sonra COVID-19 xəstəliyinə yoluxmusunuz. Dərhal özünüzü təcrid edin və həkimə müraciət edin. Bu zaman həkimə peyvəndin ilk dozasını qəbul etdiyiniz barədə məlumat verin. COVID-19 xəstəliyinə yoluxduqdan sonra peyvəndin ikinci dozasının vurulmasına ehtiyac qalmır. Yaxud ikinci doza uzun müddətə təxirə salınır. Əgər COVID-19 xəstəliyinə qarşı peyvəndin birinci dozası vurulduqdan sonra kəskin respirator xəstəlik keçirsəniz, sağaldıqdan sonra peyvəndin ikinci dozasını ala bilərsiniz".

T.Əliyeva bildirib ki, peyvəndin ilk dozasını qəbul etmiş insanlar koronavirusa yoluxduqda onlar vaksinasiya olunmayan xəstələr kimi müalicə olunur.

"Bu xəstələr də gigiyenik qaydalara riayət etməli və təcrid olunmalıdırlar. Tibbi maska, karantin və sosial məsafə yenə ön plandadır.Birinci dozadan sonra orqanizmdə heç bir dəyişiklik olmazsa, ikinci dozanı 28 gündən sonra qəbul etmək olar. Birinci və ikinci dozalar arasında fasilə 1 aya qədər uzadıla bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Peyvənd  





Xəbər lenti